Xocalıya ədalət! Qarabağ mitinqinə ÇAĞIRIŞ

Bu gün – fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində (Lüksem­burq meydanında) “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

 

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev Modern.az-a açıqlamasında fevralın 23-nə təyin olunan “Xocalıya ədalət” mitinqini dəstəklədiyini vurğulayıb və xaricdəki həmvətənlərimizə çağırış edib:

“Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropanın siyasi mərkəzi olan Brüsseldə  Ümumavropa Qarabağ mitinqinin keçirilmə təşəbbüsü çox vacibdir. Hesab edirəm ki, belə tədbirlər davamlı xarakter almalıdır. Mən Avropada yaşayan bütün soydaşlarımıza demək istəyirəm ki, mütləq həmin mitinqdə iştirak etsinlər. Bütün dünya görməlidir ki, Azərbaycan vəəndaşları həmişə həmrəydir. Hesab edirəm ki, Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün daha çox addımlar atılmalıdır. Mən bu mitinqi təşkil edən diaspor təşkilatlarına öz minnətdarlığımı bildirirəm”.

 

Milli Qəhrəman Vahid Quliyev də Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində bu günə təyin olunan “Xocalıya ədalət” mitinqini dəstəklədiyini qeyd edib.

“Mən də həmin mitinqdə Azərbaycanın Milli Qəhrəmanı kimi iştirak etmək istərdim. Ümumavropa Qarabağ mitinqinin keçirilməsi çox gözəl təşəbbüsdür. Azərbaycanın işğal olunmuş əraziləri düşməndən azad edilməlidir. Həmin ərazilər bizim torpaqlarımızdır. Mən çox istərdim ki, tezliklə torpaqlarımızın düşmən tapdağı altından tezliklə azad olunsun və ədalət öz yerini alsın. Avropada yaşayan soydaşlarımıza isə demək istəyirəm ki, hamı bir nəfər kimi həmin mitinqdə iştirak etməlidir. Hesab edirəm ki, belə tədbirlər bununla kifayətlənməməlidir. Avropanın, dünyanın bir çox böyük şəhərlərində də keçirilməlidir. Bütün dünya Azərbaycanın və azərbaycanlıların haqq səsini duymalıdır. Bizim səsimizi bütün dünya eşitməlidir. Xocalıya dünyanın bütün ölkələrində siyasi qiymət verilməlidir. Avropa ölkələrinin hamısı Xocalı soyqırımını tanımalıdır. Dilqəm və Şahbaz isə mütləq azad olunmalıdır. Çünki onların heç bir günahı yoxdur. Onlar öz ata-baba yurdlarını ziyarət ediblər. Hesab edirəm ki, belə mitinqlər davamlı xarakter daşımalıdır. Mən bir daha bu mitinqi təşkil edən diaspor təşkilatlarına öz minnətdarlığımı bildirirəm”.