Xüsusi məruzəçiyə Ermənistan haqqında ölçü götürülməsi ilə bağlı müraciət edilib

421723893

Azərbaycan Gənc Alim, Aspiarant və Magistrlər Cəmiyyətinin sədri,  fəlsəfə doktoru İlqar Orucov BMT Baş Assambleyasının 75-ci sessiyasında “Nasizm, neo-Nazism və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və digər dözümsüzlüyün müasir formalarının alovlanmasına töhfə verən digər təcrübələrin şöhrətləndirilməsi ilə mübarizə” adlı qətnamənin icrası ilə bağlı xüsusi məruzəçisinə müraciət göndərib.

XALQ.AZ xəbər verir ki, müraciətdə deyilir ki, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan həm də nasizmin təbliğini dövlət siyasətinə çevirərək, həmçinin, faşizmlə bərabər terrorçuların da dövlət səviyyəsində qəhrəmanlaşdırılması siyasəti aparmaqdadır.Keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq irqçi ideologiya əsasında yaradılmış erməni terror təşkilatı ASALA öz əməliyyat zonasını Yaxın Şərq, Avropa və Şimalı Amerikadan Cənubu Qafqaza keçirib. ASALA-nın terror əməliyyatları təcrübəsi və “modus operandisi” əsasında Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ərazisində 30-dan çox terror əməliyyatı törədilib. ASALA-nın terror əməllərinin daha bir ünvanı Bakı metrosu olmuşdur. ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qrupları Ermənistanın Azərbaycana qarşı təcavüzü prosesində, işğal olunmuş ərazilərimizdə qanlı etnik təmizləmə əməllərinin, o cümlədən Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak ediblər. ASALA-nın rəhbərlərindən olan Monte Melkonyan bu ölkənin milli qəhrəmanıdır və onun adına paytaxt Yerevanda abidə və küçə var. Monte Melkonyanın terrorçu “qəhrəmanlığı” Ermənistanda orta məktəb dərsliyinə daxil edilib.

1983-cü ildə Fransada Orli hava limanında terror törətmiş ASALA terrorçusu Varujan Qarabedyan 2000-ci ildə müəmmalı şəkildə Fransada həbsdən azad edildi və Ermənistanda qəhrəman kimi qarşılandı və təltif olundu. Varujan Qarabedyan hazırda Ermənistanın hərbi diktatura rejiminin kriminal dayaqlarından biridir. Bu kimi hallar, ilk növbədə, həmin terror aktının qurbanı olan günahsız insanların ailələrinin hisslərinə toxunur.

Digər bir nümunə Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən olan Murad Topalyandır. M.Topalyan ABŞ-ın siyasi rəhbər dairələri ilə sıx əlaqələrə malik ola-ola, ABŞ ərazisində ASALA-nın xətti ilə terror əməllərini təşkil edir və yönləndirirdi. Terror əməlləri sübut edildikdən sonra həmin şəxs minimal həbs cəzası aldı və hazırda yenə də Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərir, ABŞ siyasi dairələri ilə sıx əlaqə saxlayır və lobbist fəaliyyəti həyata keçirir, antiazərbaycan təbliğat aparır və hətta ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərini təşkil edir və maliyyələşdirir. Murad Topalyan və onun digər tərəfdaşları Ermənistanın “milli qəhrəmanları” sırasındadır.

Qaregin Njdenin formalaşdırdığı irqçi təmayüllü şovinist təlimi Ermənistanın sabiq hakim Respublikaçılar partiyasının ideoloji əsasını təşkil edir. Faşizmdən və irqçi “Ari” ideologiyasından qaynaqlanan bu təlim “Tseğakron” (millətçi, dini və bütpərəst mistizminin irqçi birləşməsi) və ya “Njdeizm” adlanır. “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil hələ də bu ruhda tərbiyə edilir.

Digər faşist cəlladı və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın rəhbərliyi altında erməni legionu faşist ordusunun tərkibində Krımda və Qafqazda əməliyyatlarda iştirak edib. Drastamat Kanayanın da şərəfinə Ermənistanda abidələr ucaldılıb. Ermənistan Müdafiə Nazirliyinin Milli Strateji Araşdırmalar İnstitutu faşist cəlladı Kanayanın adını daşıyır. Həmçinin Ermənistan Müdafiə Nazirliyi Kanayanın şərəfinə medal buraxıb.

Özünü demokratik adlandıran Ermənistanın indiki hakimiyyəti Qaregin Njdeyə və ya Drastamat Kanayana ucaldılmış abidələri sökmür. İnanmırıq ki, Ermənistan hakimiyyətinin buna cəsarəti çatsın. Sovet dövründə və müstəqillik illərində Ermənistan hakimiyyətinin yalnız Azərbaycan xalqına məxsus tarixi torpaqlarda, indiki Ermənistan ərazisində Azərbaycan xalqına aid tarixi abidələri dağıtmağa cəsarəti çatıb.

Orta əsr Azərbaycan şəhərlərindən olan İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. Dağıdılan memarlıq abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksi də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə dağıdılmışdır. Ermənistan ictimaiyyəti niyə sual vermir ki, Yerevanda bir dənə də olsun tarixi abidə yoxdur. Çünki bu abidələr məhv edilmişdir və bütün bunlar danılmaz faktlardır.

Həmçinin Ermənistanda olan, Azərbaycan xalqına məxsus qədim və yeni dövr qəbiristanlıqlar məhv edilib. Aşıq Ələsgərin tarixi Azərbaycan torpağı olan Göyçə mahalındakı qəbri də onların sırasındadır. Ermənistan ərazisində olan tarixi Azərbaycan toponimlərinin adları dəyişdirilib və erməni adları ilə əvəz edilib. Ermənistandakı şəhərlərin və yaşayış məskənlərinin tarixi adları qaytarılmalıdır.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 min 500-dən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 maddi-mədəniyyət abidəsi və məscidlər talan edilib və vandalizmə məruz qalıb.

1992-ci il mayın 8-də Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Hərbi əməliyyatların dərhal ardınca Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb, yandırılıb və talan edilib.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bütün əraziləri işğaldan azad ediləcək, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin edəcək və tarixi ədalət bərpa olunacaq.

Prezident İlham Əliyevin MDB dövlət başçılarının Zirvə görüşündə qeyd etdiyi kimi, özünü demokratik seçilmiş təqdim edən yeni Ermənistan hakimiyyəti, ilk növbədə, özünü bu ləkədən, bu rüsvayçılıqdan təmizləməli və faşist cəlladlarına ucaldılmış heykəlləri sökməlidir

Azərbaycan daim onun tərəfdarıdır ki, terrorizm, ekstremizm, ksenofobiya, aqressiv separatizm və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır.

Müraciətin sonunda xüsusi məruzəçidən qeyd olunanları məruzəsində nəzərə alması, Ermənistanda artıq dövlət siyasətənə çevrilmiş və bəşəriyyət üçün ciddi təhlükə olan terrorizm, nasizm, neo-nazism və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və digər dözümsüzlüyün müasir formalarının alovlanmasına töhfə verən əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi tələb olunmuşdur.