XX əsrin möcüzəsi-AZTV

XX əsrin möcüzəsi: Azərbaycan Dövlət Televiziyası da həmin möcüzələr sırasındadır.

 

1956-cı il fevralın 14-ü… Azərbaycanda  televiziya məhz bu tarixdə yarandı. Xalq artisti Nəcibə Məlikova “Göstərir Bakı” kəlməsi ilə televiziyanın fəaliyyətə başlamasını elan etdi və bütün xalqa bu münasibətlə təbriklərini çatdırdı. Sonra “Bəxtiyar” filmi nümayiş olundu. Beləcə, Azərbaycanda ilk televiziya fəaliyyətə başladı. O gündən də əsas missiyası xalqa xidmət etmək oldu. İlk vaxlar böyük çətinliklərlə üzləşdi. Kadr çatışmazlığı olduğundan televiziyanın fəaliyyətini davam etdirmək üçünradio və qəzetlərdən mütəxəssislər dəvət olunurdu. Amma bu yetərli deyildi. Çünki, televiziya tam fərqli bir sahə olduğundan burada təcrübəli işçilərə ehtiyac duyulurdu. İlk televiziya olduğu üçün dəbu sahə üzrə ixtisaslaşan kadr demək olar ki yox idi. Amma vaxt keçdikcə milli televiziya öz simasını formalaşdıra bildi. Burada çalışan hər bir işçi çətin və məsuliyyətli işin öhdəsindən gəlməyi bacardı.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra isə üç dəfə 2 saatlıq proqramla tamaşaçılar qarşısına çıxmağa başladı.Sonradan yayımın sayı artırıldı. 1957-ci ildən Azərbaycan televiziyası həftədə 5 dəfə efirə çıxdı və verilişlərin müddəti də 20 dəqiqə uzadıldı. Yəni efir vaxtı 2 saat 20 dəqiqə davam edirdi. 1962-ci ildə isə Milli televiziya gündəlik efirə çıxmağa başladıvə proqramların vaxtı 7 saata qədər uzadıldı. 70-ci illərdən etibarən Azərbaycan Televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə milli televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. Mərhələlərlə inkişaf edərək bu günə qədər gəlib çatdı. İndi Azərbaycan teteviziyası xalqın təfəkkürünün formalaşmasında, onun maariflənməsində, mədəni irsinin təbliğində əhəmiyyətli rola malikdir. Bəlkə də elə bu səbəbdəndir ki, televiziyanın kəşfi  XX əsrin ən böyük möcüzəsi adlanır.Çünki televiziya mədəniyyət tarixinin tərkib hissəsi olmaqla yanaşı, bütövlükdə incəsənət növlərinin əyani təbliğat vasitəsi kimi də çıxış edir. Bu mənada mütəmadi olaraq dəyişən və təkmilləşən televiziyanın inkişaf yolu bütövlükdə aid olduğu cəmiyyətin tarixi mənzərəsini əks etdirir.

Keçmiş Sovetlər Birliyində xalqın dünyagörüşü və bədii-estetik zövqünün formalaşmasında əsaslı rol oynamış televiziya Azərbaycanda da mürəkkəb inkişaf yolu keçərək, tədricən kütləvi əxlaq və xarakter psixologiyasından milli dirçəliş, oyanış düşüncəsinə manevr etmişdir. İlk əvvəl “ev kinosu” kimi dəyərləndirilən televiziya mərhələ-mərhələ irəlilədikcə cəmiyyətin ictimai-siyasi, eləcə də mədəni həyatının bir parçasına çevrildi. Xalqın məlumatlanması, maariflənməsi və əylənməsi funksiyalarını üzərinə götürdü.Bu məqsədlə tamaşaçılara “Retro” kinozalı, “Bayatı” ədəbi almanaxı, “Şahmat məşqçilərinin televiziya məktəbi”, məktəblilər üçün “Günəş”, “Yelkən” verilişləri, eləcə də “Bağçılıq”, “Qitələr, hadisələr” beynəlxalq proqramları təqdim edilirdi. Televiziyada “Səyahət”, “Gəncliyin səsi”, “Kəndimizin qayğıları”, “Qabaqcıl təcrübə məktəbi”, “Bazar münasibətləri: problemlər, perspektivlər”,“Əməkdaşlıq”, “Mahnı qanadlarında”, “Sənət yollarında”, “Palitra” incəsənət proqramı” kimi ən müxtəlif istiqamətli verilişlər hazırlanırdı. 1991-ci ilin diqqət çəkən verilişlərindən biri “Televiziya tamaşaçılarının suallarına cavab verirlər” adlanırdı. Bütün bunlarda milli televiziya xalqın həyatının bir parçasına çevrilirdi. İndi də eyni missiya və amalla xalqa xidmət göstərməyə davam edir. Bu gün də müxtəlif tele-debatlar, televiziya tamaşaları, talk-şoularlarla milli ruhun möhkəmlənməsinə xidmət edir.

Hazırda Azərbaycan televiziyasında ən aparıcı sahə “Xəbərlər” departamentidir. Ölkədaxili və dünyada baş verən hadisələr barədə xalqın məlumatlandırılmasına xidmət edən “Xəbərlər” proqramı ilk dəfə 1960-cı ildə “Günün yenilikləri” adı ilə ekrana çıxmağa başladı. Sonra “Son xəbərlər”, 1967-ci ildən isə “Günün ekranı” adı ilə efirdə yayımlandı. Adlar müxtəlif olsa da strategiya eyni idi. Məqsəd ölkədə və dünyada baş verən ən mühüm hadisələri, rəsmi məlumatları, görüşləri tamaşaçılara çatdırmaq idi. İndi “Xəbərlər” adı ilə yenə də eyni missiyaya xidmət edir, əhalini ən son siyasi yeniliklərlə tanış edir. Bu şərəfli və məsuliyyətli işin öhdəsindən də layiqincə gəlməyi bacarır.

Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Televiziyası bu gün nəinki ölkə daxilində eyni zamanda dünyanın bir çox ölkələrində yayımlanır. Verilən operativ və şəffaf informasiyası ilə özünə çoxsaylı tamaşaçı kütləsi toplamış Dövlət Televiziyamız daima öz izləyicilərini istər dünya xəbərlərindən istərsə də ölkə daxilində baş verən ən son hadisələrdən məlumatlandırır və maarifləndirir. Cənab Prezidentin qayğısı nəticəsində Azərbaycan Dövlət Televiziyası öz örnək fəaliyyəti ilə missiyasını layiqincə davam etdirir və televiziya, radio sahəsində peşəkar kadrlar yetişdirməklə dünyanın qabaqcıl televiziya mütəxəssisləri ilə rəqabətə girə biləcək işlər ortaya qoyur. Ümid edirəm ki, Dövlət Televiziyamız örnək fəaliyyəti ilə Azərbaycan tarixinə adını əbədi həkk etdirəcək və Müasir Azərbaycanın yalnız xoşbəxt, firavan günlərini yayımlayacaq. Bayramınız mübarək!

 

 

Hafizə İmanova

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin müşaviri