“Yalnız xoşbəxt ananın övladı xoşbəxt ola bilər” – Deputat

jale

“Parlamentin payız sessiyası üçün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müəyyən təkliflər verməyi düşünürük. Alimentlərin verilməsi, erkən nikahların qarşısının alınması,  uçaq hüquqlarının qorunması istiqamətində  müəyyən fikirlərimiz var. Hələlik bu məsələlər tam təsdiqini tapmayıb. Sadəcə olaraq  bu məsələlərlə bağlı ictimai dinləmələrin aparılması barədə düşünürük”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Deputat ailə məsələləri ətrafında qanunvericilik aktlarının hazırlanmasında parlament üzvlərinin səylərini əsirgəmədiklərini  vurğulayıb:

“Yay ayları olmasına baxmayaraq, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvləri ilə birgə bu məsələləri müzakirə edirik.  Yalnız xoşbəxt ananın övladı xoşbəxt ola bilər. Hesab edirəm ki, cəmiyyətdə qadınlarımızın hüquqlarının tam şəkildə bərqərar olmasına çalışmalıyıq. Düşünürəm ki, altıncı çağırış parlament digər illərdə olduğu kimi, payız sessiyasında da bu müddəalara xüsusi nəzər yetirəcək. Eləcə də, yeni və səmərəli qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsində səylərini əsirgəməyəcək”.

Deputat bütöv Azərbaycan ailə modelinin hər zaman diqqətdə saxlanıldığını da bildirib:

“Ölkəmiz uşaq hüquqları,  məişət zorakılıqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Bu sahədə qanunvericilik aktı qəbul edilib. Ailə məsələləri ətrafında davamlı olaraq treninqlər keçirilir, monitorinqlər aparılır. Azərbaycan ailəsinin möhkəmlənməsi və bu möhkəmliyin qorunması, boşanmaların sayının azalması kimi məsələr hər zaman diqqətimizdədir”.

Jalə Əliyeva erkən nikahların komitədə mütəmadi olaraq müzakirə olunduğunu qeyd edib:

“Həyəcan təbili çaldığmız əsas məsələlərdən biri erkən nikahların bağlanmasıdır. Bəzi ucqar rayonlarımızda qız uşaqlarının təhsildən kənarlaşdırılması, ailələri tərəfindən zorakılığa məruz qalmaları və hüquqlarının tapdalanması ürəkağrıdıcı məqamlardır. Biz bu məsələləri komitəmizin üzvləri ilə tez-tez müzakirə edirik. Bu gün Azərbaycan qadınının səsi dünya arenalarından gəlir. Bu gün Azərbaycan qadını ölkənin Birinci vitse-prezidenti səviyyəsində dünyada təmsil olunur. Bu, Azərbaycan qadınının ağlıdır, zəkasıdır. Həyat yoldaşı ilə bərabər işləmək bacarığıdır. Bu, təkcə cəmiyyəti deyil, böyük toplumu idarə etmək potensialının ortaya qoyulmasıdır”.