YAP-ı xalqa xidmət edir

54

Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır

«Yeni Azərbaycan Partiyası ötən 21 ildə şərəfli bir yol keçib və yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib. Biz YAP-ın rolunu və əhəmiyyətini, onun cəmiyyətdəki yerini 9 oktyabr prezident seçkilərində bir daha gördük. Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri Prezidentimiz cənab İlham Əliyevin seçki kampaniyasında yaxından və fəal şəkildə iştirak etdilər». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, YAP müstəqilliyimizin həmyaşıdı olan partiyadır. Onun sözlərinə görə, partiyamız tarixi bir yol keçib.
«Hazırda Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 600 mindən yuxarıdır və bu gün Azərbaycan gəncliyi özünün siyasi fəaliyyətini bu partiyada təsdiq etməkdədir. YAP Azərbaycana Heydər Əliyev yolunu vermişdir. Bu yol Azərbaycanı tərəqqiyə, inkişafa aparırır. Daha zəngin və daha güclü Azərbaycana aparır. YAP eyni zamanda xalqımıza azərbaycançılıq ideologiyasını verib. Yeni Azərbaycan Partiyasının proqramında təsbit olunmuş prinsiplər bu gün faktiki olaraq milli dövlətimizin söykəndiyi prinsiplərdir. Bu prinsiplərin ana xəttini isə azərbaycançılıq təşkil edir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır. «Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir» deyən M.Qurbanlı həmçinin, bildirib ki, YAP-ın məqsədi aydındır.
«Bu məqsəd Azərbaycana və milli maraqlara xidmətdir. Yeni Azərbaycan Partiyasının milli maraqlarımıza yönələn xidmətini biz hər bir yerdə görməkdəyik. Bəlkə də 20-21 il əvvəl heç kim təsəvvür etməzdi ki, Azərbaycan gəlib belə bir səviyyəyə çata bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Bu gün Prezidentimizin rəhbərliyi ilə biz Azərbaycanın üzləşdiyi bu və ya digər çətinlikləri çox uğurla həll etməkdə, bütün sahələrdə üstünlüklərimizi nümayiş etdirməkdəyik. Bizim iqtisadi qüdrətimiz nüfuzumuzun artmasına gətirib çıxarıb. Və bu gün biz beynəlxalq miqyasda, beynəlxalq təşkilatlarda söz sahibiyik. Bu gün Bakı gözəlləşir, regionlar gözəlləşir, hər yerdə yeni iş yerləri açılır, iqtisadi tərəqqi əldə olunur. Bütün bunlar YAP-ın, bu partiyanın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yoldur. Nə qədər Azərbaycan xalqı varsa Heydər Əliyev ideyaları var. Nə qədər müstəqil Azərbaycan varsa Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt var. Bu Azərbaycan üçün əbədi müəyyən olunmuş bir siyasi xəttdir və bu siyasi xətti heç kəs dəyişdirə bilməz» -deyə, M.Qurbanlı vurğulayıb.