YAP-ın gəncləri fəaliyyətlərini müasir dövrün tələblərinə uyğunlaşdırır

seymur_orucov_060913

«Bu gün YAP Gənclər Birliyi Azərbaycanın ən böyük və güclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir». Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, partiyamızın Gənclər Birliyi fəaliyyətini daim müasir dövrün tələblərinə uyğunlaşdırır, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır, bir sıra aktual sosial aksiyalar həyata keçirir. Onun sözlərinə görə, təşkilat beynəlxalq əlaqələrə də böyük önəm verir.
«Partiya rəhbərliyi bizə bu sahədə də böyük etimad göstərir və bunun nəticəsi olaraq Gənclər Birliyinin Avropa Xalqlar Partiyası, Asiya Ölkələrinin Siyasi Partiyaları Beynəlxalq Konfransı, Türkiyənin, Qazaxıstanın, Rumıniyanın və bir sıra digər ölkələrin hakim siyasi partiyaları ilə sıx əlaqələri qurulmaqdadır.
Həmçinin, YAP Gənclər Birliyi Konrad Adenauer Fondunun Azərbaycanda, Almaniyada və Gürcüstanda keçirdiyi yay universitetlərində, təlimlərdə fəal iştirak edir. Beynəlxalq əlaqələrin daha da genişlənməsinə nail olmaq üçün bir sıra Avropa ölkələrinin hakim partiyaları ilə də gələcək əməkdaşlığa dair yazışmalar aparırıq. İnanırıq ki, beynəlxalq əlaqələrimizin coğrafiyası yaxın gələcəkdə daha da genişlənəcək»- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.