YAP-IN SƏDR MÜAVINI: PREZIDENT İLHAM ƏLIYEVIN KƏNARDAN DƏSTƏYƏ EHTIYACI YOXDUR

eli-ehmedov1-1“Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin onun seçkilərdə İlham Əliyevə dəstək verməsi ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Bununla bağlı müxalif mətbuatın yazdıqları uydurmadır. İlham Əliyevə yalnız Azərbaycan xalqı dəstək verir”. Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

YAP-ın Sədr müavininin sözlərinə görə, Azərbaycan seçicilərinin tam əksəriyyəti İlham Əliyevi dəstəkləyir: “Prezident İlham Əliyev müxalifətdən fərqli olaraq dəstəyini Azərbaycandan kənarda deyil, Azərbaycanın daxilində qazanıb. Bu dəstək də Prezident İlham Əliyevə seçkilərdə uğur qazanması üçün kifayət edir. Başqa dəstəyə ehtiyac yoxdur”.
Əli Əhmədov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Bakı səfərini yüksək qiymətləndirir: “Rusiya Azərbaycanın qonşusudur. İki ölkə arasında böyük əlaqələr mövcuddur. Ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar və digər əlaqələr getdikcə inkişaf edir”.
“Məmnunluq hissi ilə qeyd etmək istəyirik ki, bu əlaqələr elə normal da inkişaf edir. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində hər iki tərəf səy göstərir. Hesab edirik ki, Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf etməsi bütövlükdə hər iki dövlətin və hər iki xalqın mənafeyinə uyğundur. Aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə iki dövlət arasında iqtisadi, siyasi və digər sahədə münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün etibarlı hüquqi baza yaratdı. Bu baza əsasında da münasibətlərimiz davam edəcək”, – deyə Əli Əhmədov sözlərinə əlavə edib.