YAP namizədi ilə jurnalist namizəd görüşdü – İLK

Azərbaycanda keçirilən Milli Məclis seçkilərinin təbliğat – təşviqat prosesində maraqlı və görünməmiş hadisə yaşanıb. 

XALQ.AZ xəbər verir ki, 18 saylı Nərimanov – Nizami seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş, iş adamı Xudaqulu Rzayev ilə dairənin ən gənc, müstəqil namizədi Məmmədzadə Tural arasında görüş keçirilib. Çoxsaylı insanların iştirakı ilə baş tutan görüşdə seçki qabağı təbliğat prosesi, seçicilərin fəallığı , ərazi üzrə əhalinin təklif və problemləri , seçki gününə hazırlıq və Azərbaycanda keçirilən növbədənkənar seçkilərin ümumi müzakirəsi aparılıb. 

Maraqlıdır ki, dünya ölkələrində seçki prosesində tez – tez keçirilən bu tip namizədlər arası nəzakət görüşləri bu il ilk dəfə olaraq Azərbaycanda da keçirildi. Hər iki namizəd xalqı seçkilərdə fəal olmağa , öz arzuladıqları namizədi seçkilərdə dəstəkləməyə çağırdılar. Görüşün sonunda namizədlər bir – birlərinə seçkilərdə uğurlar arzu edib, xatirə şəkilləri çəkdirdilər. Namizədlər bir- birlərinə məxsus şəkilləri əlində tutmaqla digər bütün namizədləri də, sağlam rəqabət aparmağa və sivil , ədalətli mübarizəyə çağırdılar. 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Rzayev Xudaqulu Əhət oğlu, tanınmış iş adamıdır və Minera Şirkətlər Qrupunun rəhbəridir. Digər namizəd Məmmədzadə Tural Sahib oğlu isə bitərəfdir və jurnalist fəaliyyəti ilə məşquldur, dairə üzrə ən gənc namizəddir.