YAP Səbail rayon təşkilatı tədbir keçirib

Bu gün YAP Səbail rayon “Botanik” ərazi ilk partiya təşkilatında (AMEA-nın Botanika İnstitutu) 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.

XALQ.AZ xəbər verir ki,  tədbirdə ilk öncə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olunub.

Tədbiri açıq elan edən Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühüm hadisəsi olaraq qiymətləndirib. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışan akademik qeyd edib ki, Ümummilli Liderimizin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursu uğurla davam etdirən ölkə başçısı Cənab İlham Əliyevin praqmatik idarəçiliyi nəticəsində, bu gün müasir və müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır. Bildirilib ki, Azərbaycan xalqının milli maraqlarına xidmət edən bu siyasəti dəstəkləmək və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin daimiliyini təmin etmək hər birimizin vətənpərvərlik borcumuzdur.

Çıxış edən Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində Azərbaycanda gedən son dərəcə gərgin, mürəkkəb və ziddiyyətli proseslər, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dərin siyasi-iqtisadi böhran, torpaqlarımızın bir hissəsinin işğal olunmasının respublikadakı vəziyyəti daha da acınacaqlı etməsi, Ulu Öndər Heydər Əliyevin belə bir çətin anda xalqın təkidi ilə ölkə rəhbərliyinə gəlməsi, Azərbaycanı tənəzzüldən qurtuluş yoluna çıxarması və respublika üçün ən taleyüklü məqamlarda müstəqilliyimizi qoruyub-saxlayaraq, xilaskarlıq missiyasını böyük cəsarət və fədakarlıqla yerinə yetirməsi haqqında ətraflı danışıb.

Müstəqilliyin hər bir insan və hər bir dövlət üçün ən böyük dəyər olduğunu vurğulayan millət vəkili diqqətə çatdırıb ki, bu gün dünyada 5 minə yaxın millət olsa da, BMT-nin üzvü olan, sadəcə, 195 dövlət var ki, bu dövlətlərin də müasir qloballaşan dünyada müstəqilliyi bir qədər nisbi xarakter daşıyır, çünki bütün dövlətlər istər siyasi, istərsə iqtisadi cəhətdən bir-birindən ciddi şəkildə asılıdırlar. Qeyd olunub ki, sözün əsl mənasında, müstəqillik hər dövlətə nəsib olmur, çünki siyasi cəhətdən müstəqil olmaq üçün dövlət, hər şeydən öncə, iqtisadi cəhətdən müstəqil olmalıdır, dövlətin ərazisinin və əhalisinin təhlükəsizliyini təmin etmək üçün güclü ordusu olmalı, dövlət müstəqil siyasət yürütməyə qadir olmalıdır və s. Ulu Öndər Heydər Əliyev Azərbaycanın, məhz bu mənalarda müstəqil olması üçün ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində möhkəm siyasi və iqtisadi təməllər formalaşdırdı, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması üçün davamlı və dayanıqlı inkişafı təmin edən siyasi kurs müəyyənləşdirdi, bütün sosial-iqtisadi sahələrdə əsaslı və sistemli islahatlar həyata keçirdi, keçid dövrünün problemlərini həll etdi və Azərbaycan tənəzzüldən inkişaf, tərəqqi yoluna qədəm qoydu.

Azərbaycanın müstəqil dövlətçiliyinin bu gün də etibarlı əllərdə olduğunu qeyd edən Ş.Hacıyev Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkə daxilində və beynəlxalq səviyyədə əldə olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ölkədə həsəd aparacaq dərəcədə yüksək səviyyədə təmin olunmuş ictimai-siyasi sabitlik və gündən-günə daha möhkəmlənən xalq-iqtidar-ordu birliyi haqqında geniş məlumat verib. Deputat diqqətə çatdırıb ki, hazırda dünyada fərqli inkişaf səviyyəsinə malik ölkələr arasında yüzlərlə problem mövcuddur, Avropa kimi nəhəng qitə BREXİT məsələsi və miqrantlarla bağlı problemlər qarşısında aciz qalıb, ABŞ-ın Azərbaycanın yaxın qonşusu olan dövlətlərə – İrana, Türkiyəyə və Rusiyaya qarşı gündən-günə sərtləşdirdiyi sanksiyalar nəticəsində, bu ölkələrdə gedən devalvasiya prosesləri, ticarət müharibələri yaxın coğrafiyamızda geoiqtisadi vəziyyəti ildən-ilə daha da mürəkkəbləşdirir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz inkişaf yolunu uğurla davam etdirir və iqtisadi və hərbi gücünü artırır. Millət vəkili vurğulayıb ki, müstəqil dövlətçiliyimiz əbədidir, dönməzdir, etibarlı əllərdədir və Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş AMEA-nın Botanika İnstitutunun bir qrup əməkdaşına partiya üzvlük vəsiqələri təqdim olunub.