YAP Səbail rayon təşkilatının idarə heyətinin iclası olub

Sentyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin geniş iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda avqustun 30-da YAP İcra Katibliyində keçirilən müşavirədə verilən tapşırıqların icra vəziyyəti müzakirə olunub, gündəlikdəki cari məsələlərə baxılıb.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev iclasda çıxış edərək gündəlikdə duran məsələlər haqqında məlumat verib. Ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklərdən, görülən işlərdən danışan Ş.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafının uğurla davam etdirildiyini bildirib.

Təşkilatın sədri çıxışında sosial şəbəkələrdə radikal müxalifətin şər-böhtan xarakterli çirkin təbliğatının qarşısının alınması, bu məqsədlə lazımi tədbirlərin görülməsi istiqamətində iş aparılmasının və bu məsələdə partiyanın, o cümlədən təşkilatın hər bir üzvünün yüksək fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Partiya sıralarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışan Ş.Hacıyev vurğulayıb ki, hazırda təşkilatın sıralarındakı ərazi ilk partiya təşkilatlarının sayı 126-ya çatıb. Partiya üzvlərinin sayının sürətlə artması YAP-ın ölkəmizin ictimai-siyasi həyatında çəkisinin və nüfuzunun güclənməsinin nəticəsidir. YAP Səbail rayon təşkilatı da ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir.

İclasda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyində “Turizm işçiləri” ərazi ilk partiya təşkilatının yaradılması barədə məsələyə baxılıb və müsbət qərar qəbul olunub.

Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Digər çıxış edənlər də YAP Səbail rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda bu uğurların qarşıdakı dövrdə də davam etdirilməsi üçün rəy və təkliflər səsləndirilib.