YAP seçkilərə tam hazırdır

85

Yeni Azərbaycan Partiyası seçkiyə hansı şüarlarla gedəcəyini sentyabrın 16-da açıqlayacaq.
Bu barədə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.Az-a açıqlamasında deyib. YAP rəsmisi qeyd edib ki, onların seçki təşviqat kampaniyası üçün hər şeyi hazırdır: “Bura şüarlar da daxildir. Sentyabrın 16-da dairə seçki komissiyalarının təşviqat kampaniyası üçün ayırdığı yerlərdə YAP-ın şüarları öz əksini tapacaq. Hər şeyi orda görəcəksiniz”.

O deyib ki, YAP- ın prezidentliyə namizədi, ölkə Prezidenti İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını qanun çərçivəsində həyata keçirməyə hazırdır və bu mərhələni də tam uğurla başa vuracaq.

Millət vəkilinin dediyinə görə, YAP müvafiq icra hakimiyyətinin namizədlərin təbliğat-təşviqat kampaniyasını aparması üçün onlara ayırdığı yerlərdə bir sıra tədbirlər keçirəcək, eyni zamanda, partiyanın yerli təşkilatlarının seçki qərargahları tərəfindən bu yöndə bir sıra addımlar atılacaq:

“Yəni, biz Seçki Məcəlləsinin, seçki qanunvericiliyinin imkan verdiyi bütün hüquqlardan istifadə edərək namizədimizin təbliğat-təşviqat kampaniyasının aparılması üçün addımlarımızı atacağıq.Artıq bizim yerlərdə təşviqat qruplarımız hazır vəziyyətdədilər və ayın 16-dan etibarən də öz üzərlərinə düşən işin icrasına başlayacaqlar. Namizədimizin geniş təbliğatına ehtiyac duyulmasa da, biz hakim partiya olaraq, təbliğat-təşviqat kampaniyasına tam hazırıq”.

Qeyd edək ki, 2008-ci il prezident seçkilərində hakim partiya “Güclü dövlət, yüksək rifah” şüarı ilə seçkiyə gedərək qalib gəlmişdi. 2010-cı ilin parlament seçkilərində hakim partiyanın seçdiyi “İlhamla irəli” şüarı da qələbə baxımından uğurlu oldu.