Yasamalda ağacların dibinə “kislota” tökən şəxs həbs oluna bilər

Xəbər verdiyimiz kimi paytaxtın Şərifzadə küçəsində 10 ədəd şam ağacının dibinə zərərli maddə tökən Bakı şəhər sakini Real Göyüşov şübhəli şəxs qismində saxlanılıb və faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 260.2-ci (meşələri ümumi təhlükəli üsulla məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəs qanunverciliyə görə onu hansı cəza gözləyir?
XALQ.AZ Azərbaycan Respublikası Cinayət Məcəlləsində faktla əlaqədar nəzərdə tutulan müvafiq maddəni sizlərə təqdim edir:
Maddə 260. Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə:
260.2 Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, istehsalat və məişət tullantıları ilə çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələmə – iki min manatdan üç min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.