Yasamalda göl ətrafının ərazisi əvvəlki vəziyyətə gətirilib – Foto

yasamal

Bir qədər əvvəl paytaxtın Yasamal rayonunda “Üç Tac” yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər birbaşa Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlayıblar. Müraciətə  baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb. Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək ərazidə ətraflı baxış keçirilib.

Yasamal Rayon İcra Hakimiyyətindən XALQ.AZ-a verilən məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafindakı  mövcud balans pozulub və əraziyə ziyan dəyib. Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq edilib.

Yasamal Rayon İcra Hakimiyyətində “Üç Tac” yaşayış kompleksinin sakinləri ilə görüşdə vətəndaşlar əmin ediliblər ki, ərazidə gölün qurudulması və tikintinin aparılması nəzərdə tutulmayıb və bu barədə söhbət gedə biləz. 

Hazırda “Üç Tac” yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin  təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə başa çatacaqdır. 

Yaşayış kompleksinin  sakinləri məsələyə operativ reaksiya göstərdiyinə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlığını bildirərək   şəhər hakimiyyət orqanlarının ərazini ilkin vəziyyətinə qaytarmaq planlarını birmənalı şəkildə dəstəklədiklərini qeyd ediblər.

Qeyd olunmalıdır ki, vətəndaşların müraciətlərinə dərhal operativ reaksiya verilib. Bu da bir daha sübut edir ki, vətəndaşların müraciətləri ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır və aidiyyəti qurumlar tərəfindən onların həlli  üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar isə Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayanmasının bariz nümunəsidir.

yasam4
yasamal1
yasamal5
yasaamal

XALQ.AZ