Yasamalda sakinlərlə görüş keçirildi
Sakinlərlə görüşdə İcra başçısı kommunal xidmətləri daha çevik və operativ olmağa çağırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün fevral ayı üzrə növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayon bələdiyyəsinin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri qış mövsümündə mənzillərin istiliklə təchizatı, küçələrin işıqlandırılması, mənzillərin təbii qaz ilə təminatı, gurumuş və təhlükə yaradan ağacların budanması, bina həyətlərinin abadlaşdırılması və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi.İcra başçısı qış mövsümündə kommunal xidmətlərin fəaliyyətinə xüsusi diqqət ayırdı. Mənzillərin və ayrı-ayrı qurum və idarələrin istilik və təbii qazla təminatında yaranmış vəziyyət təhlil edildi, çatışmamazlıq və qüsurların aradan qaldırılmasına dair tapşırıq və tövsiyyələr verildi. Qəbuldan sonra RİH başçısı bəzi sakinlərin fərdi müracətlərini də dinlədi. Bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.