“Yaşıl çay” MMC-də yeni çay emalı avadanlıqları quraşdırılacaq

Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi çayçılığın daha sürətli inkişafı, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, həmçinin çayçılıq sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət verilməsi nəzərdə tutulur. XALQ.AZ-ın məlumatına görə, indiyədək 70 hektara yaxın sahədə çay plantasiyası salan “Yaşıl çay” fermer təsərrüfatı da çay yarpağının istehsalını artırmaqla yanaşı, yığılan çayın daha müasir avadanlıqlarda emalı üçün də intensiv tədbirlər görür.

Xəbər verdiyimiz kimi, təsərrüfatın rəhbəri, tanınmış iş adamı Araz Yağubov Rəşt şəhərində innovativ üsulla müasir çay emalı və qablaşdıran avadanlıqlar istehsal edən “AVİN indastri” şirkətində olub, burada çay emalı müəssisəndə iş prossesi ilə tanış olub, mütəxəssislərlə görüşlər keçirib. Bu günlərdə isə Araz Yağubov rayon KTİ-nin əməkdaşı Vüsal Cəfərovla həmin şirkətdə olarkən müasir çay emal edən və qablaşdıran avadanlıqların alınması barədə razılaşma əldə edib.

Araz Yağubov deyir: “Aqrar sahəyə cənab Prezident İlham Əliyevin qayğısı ilbəil artır. Çayçılıqla bağlı təsdiq edilən yeni Dövlət Proqramını da aqrar sahənin inkişafını nəzərdə tutan əvvəlki sənədlərin məntiqi davamı kimi qiymətləndirirəm. Hazırda 70 hektara yaxın çay sahəmiz var. Əsas hədəfimiz çay sahələrinin həcmini 150 hektara çatdırmaqdır. Təsərrüfatın mini çay emalı fabrikində 16 adda çay məhsulu istehsal edilir. Çayçılığın inkişafına dair Dövlət Proqramı bizi daha həvəslə işləməyə, vaxtilə dünya şöhrəti qazanmış təbii Lənkəran çayının istehsalını ildən-ilə artırmağa, ölkədə ərzaq boluğu yaradılmasına sövq edir. “Yaşıl çay” FT MMC-nin rəhbəri kimi çalışıram ki, təbii çay istehsalında kəmiyyətlə yanaşı, keyfiyyət baxımından da uğurlarımızı ildən-ilə artıraq. İran İslam Respublikasının Rəşt şəhərində quru çay istehsalı üçün müasir avadanlıqların alınması barədə bağladığımız müqavilə də bu məqsədə xidmət edir”.

Əlavə edək ki, yeni avadanlıqların alınmasıyla təsərrüfatın nəzdindəki fabrikin istehsal gücü artmaqla yanaşı, emal edilən quru çayın keyfyyəti daha da yüksələcəkdir.

Yaxın günlərdə təsərrüfata gətiriləcək avadanlıqlar iranlı mütəxəssislər tərəfindən quraşdırılacaqdır.

 

Sia.az