“Yazdığımız məktublar, nəhayət, öz operativ həllini tapacaq”

“Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar”. Bu sözlər, iyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, su təsərrüfatının vəziyyətinə həsr olunmuş video-müşavirədə bildirilib. Cənab Prezidentin deməyə ehtiyac duyduğu bu sözlər, su təsərrüfatındakı idarəetmənin, su təsərrüfatı idarəetməsindəki paralelliklərdən, bir sıra məmurların yeni çağırışlarla ayaqlaşa bilməməsindən, məsuliyyətdən qaçmaq cəhdlərindən qaynaqlanan nöqsanların ifadəsidir, desək yanlış olmazdı. Etiraf edim, təmsil etdiyim rayonda su təsərrüfatının durumu, su bölgüsündəki naqisliklər və s. barədə, məhz Milli Məclis tribunasından çıxışlar etmiş bir Millət vəkili olaraq, cənab Prezidentin narahatçılığının dəqiq informasiyalara əsaslandığını görməkdəyəm. Elə bilirəm, bu müşavirədən sonra, bizlərin Millət vəkili olaraq, su problemləri ilə bağlı qaldırdığımız məsələlər, yazdığımız məktublar, nəhayət, öz operativ həllini tapacaq. Bu isə vətəndaş məmnunluğu üçün əsas olacaq. Çünki problemin miqyası böyükdür; artıq dövlət başçısı səviyyəsində ifadə edilənlər, durumun nə qədər narahatverici olduğunu aydın göstərir.


Bəli, ölkəmizdə böyük infrastruktur layihələri ardıcıl şəkildə icra edilir; infrastruktur layihələri arasında su layihələri özünəməxsus yer tutur. Su layihələrinin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Özü də, dövlət infrastuktur layihələrinin inkişafına kompleks baxış sərgiləyib, yalnız bir sahə deyil, demək olar, bütün əməli fəaliyyət sahələri eynigüclə inkişaf reysləri üzərinə çıxarılıb, yeni üfüqlər qazanıb. Görülən işlərə qısaca nəzər salaq:


Məsələn, enerji sektoruna qoyulan dövlət vəsaiti, bu sahədə aparılan çağdaşlaşdırma imkan verib ki, ölkəmiz özümüzü elektrik enerjisi ilə tam təmin etsin (üstəlik, enerji ixracatçısı kimi də çıxış etsin); hazırda otuzdan çox elektrik stansiyamız enerji təhlükəsizliyimizi təmin etməkdədir.
Qazlaşdırma sahəsində də, dünya miqyasında ən yüksək göstəricilərdən birinə malikik.


Eləcə də, nəqliyyat infrastrukturu böyük dərəcədə çağdaşlaşdırılıb. “Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”. Dünyada 200-ə yaxın dövlət var və respublikamız dövlət müstəqilliyini 29 il öncə qazanıb, bu müstəqilliyimizin yaşı qədər “elanolunmamış müharibə”yə məruz qalmağımızı, Ermənistan işğalının gətridiyi gərginlikləri nəzərə alsaq, dövlət başçımızın bu sözlərinin dəyərini daha aydın anlaya bilərik. Və yenidən su təsərrüfatı mövzusuna qayıdarkən, qeyd edək ki, bütün bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri istisna deyil. Bir xatırlatma edək: cənab İlham Əliyevin dövlət başçısı seçildiyi ilk illərdə, ölkəmizdə içməli su ilə təminat, (ehtiyaclara qarşılıq) toplam, 40 faiz səviyyəsində idi; hazırda isə bu rəqəm 70 faizə çatıb. Yenə o illərdə paytaxt Bakıda içməli suyu kəsintisiz alan əhalinin sayı 29 faiz təşkil edirdisə, bu gün paytaxt əhalisinin 82 faizi kəsintisiz içməli su təminatındadır. Yenə, 16-17 il öncə, bölgələrdə əhalinin 9 faizini əhatə edən içməli su ilə təminatı hazırda 63 faizdir.


Son illərdə Azərbaycanda nəhəng su layihələri, su çatışmazlığı sahəsindəki durumu, müsbətə doğru tamamən dəyişib; bu sırada, Oğuz-Qəbələ-Bakı su kəmərini özəlliklə vurğulamalıyıq. Yanılmıramsa, Abşeron yarmadası, rəhmətlik Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi məşhur su kəmərindən sonra bu sahədə, belə böyük hadisə yaşamayıb.


Habelə, su tutumu 270 milyon (!) kubmetr olan (təqribən 30 min ha. suvarılmayan torpaqlara həyat bəxş edən) Taxtakörpü Su anbarının tikintisi də sıradan hadisə deyil və məhz tarixi layihə adını haqq edib. Başqa bir nəhəng layihə Ceyranbatan Su anbarının təzədən qurulması və ən yeni nəsil təmizləyici qurğularla təmin edilməsidir.


Su tutumu 165 milyon kubmetr olan, ölkəmizin qərb bölgəsinin önəmli hissəsinə yeni imkanlar yaratmış Şəmkirçay Su anbarının da əhəmiyyəti böyükdür. Qərb bölgəsindəki digər bir anbar Tovuzçay Su anbarıdır. Respublikamızın güney bölgəsindəki Göytəpə Su anbarını da qeyd edərkən, son 15 il içində yaradılmış böyük su anbarlarının əhatə dairəsini, görülmüş işlərin coğrafiyasını və s. təsəvvür etmək çətin deyil. Beləliklə, ümumi həcmi 470 milyon kubmetr olan su anbarlarımız artıq milli srəvətimizə çevrilməkdədir.


Dövlət başçısı suyun strateji önəmindən bəhs edərkən, əhalinin sağlamlığı, vətəndaşın təhlükəsizliyi mövzusuna da vurğu etdi: “İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır”.
Deməli, bütün şərtlərə, şərtsizliklərə baxmayaraq, real iş görülüb, necə deyərlər, “faktdan başqa fakt yoxdur”: kəskin dəyişmiş faizlər hər şeyi ifadə edir. Bu, siyasi iradə, iqtisadi imkan və əzmkar çalışmalar sayəsində mümkün olmuşdur və şəxsən dövlət başçısının xalqa xidmətlə bağlı verdiyi vədləri yerinə yertirmə əzmindən irəli gəlib. Lakin əlaqədar qurum və quruluşlar da, məsul məmurlar da, dövlət başçısının əzm və iradəsinə, istəklərinə uyğun davrana bilsəydi, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat indi 100 faiz olmalıydı. “Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər”. Bu, cənab Prezidentin sözüdür.


Deməli,
-su itkilərinə yol verilir;
-suyun qaynağı düzgün təhlil edilmir;
-su təminatına dair xərclərə nəzarət çox aşağı səviyyədədir;
-su çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurur;
-itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir;
-çağdaş texnologiyalar tətbiq etməklə boruların istismar müddətinin uzadılmasını təmin etmək lazımdır;
-su ehtiyatlarımızın qiymətləndirilməsində, su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə elmi baxış iştirak etməli alimlərimiz, elm müəssisələrimiz prosesdə öz yerini almalıdır;
– bütün bu deyilən çatışmazlıqları aradan qaldırmaq, yeni çağırışlara cavab verə bilməkçün, işlərə səmərəli baxış, səriştə gəlməli, vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında dörd dövlət qurumu fəaliyyət göstərir – “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bu məqamda və yazımın sonunda dövlət başçısının qənaətini bölüşmək istərdim: “Bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun”.


Axırımız su kimi durulsun!


Dövlətimiz var olsun!


Qənirə Paşayeva
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri