Yenə zəlzələ olacaqmı?

79

 

Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) son iki gündə paytaxt sakinləri arasında Bakıda zəlzələnin olacağı barədə yayılan məlumatların əsassız olduğunu bəyan edib.

Mərkəzin mətbuat xidmətindən bildirilir ki, hazirda Mərkəzin 35 telemetrik seysmik stansiyası tərəfindən ölkə ərazisindəki seysmik vəziyyətlə bağlı müşahidələr davam etdirilir. Təəssüf ki, bəzi insanlar fevralın 10-da Hacıqabul rayonu ərazisində baş verən zəlzələnin paytaxtda hiss olunmasından sonra heç bir elmi əsasa söykənməyən məlumatlar yaymaqla insanlar arasında yersiz qorxu və təşviş yaratmağa çalışırlar.

Məlumatda bildirilir ki, nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində zəlzələnin dəqiq proqnozu yoxdur və hələ ki seysmologiya elmi proqnoz məsələsinin həllinə nail ola bilməmişdir. Azərbaycan ərazisi seysmik baxımdan aktiv zonada yerləşir və burada vaxtaşırı zəlzələlər olur.

Dünyanın heç bir yerində zəlzələnin proqnozu olmadığı kimi, heç kim baş verəcək hər hansı təkanın gücü barədə də əvvəlcədən heç nə deyə bilməz. Bu cür fikirlərin səsləndirilməsi isə qeyri-ciddi xarakter daşıyır və elmi əsası yoxdur.