Yeni doğulmuş körpəni əmilliyat etdilər

 

85

 

Azərbaycanda ilk dəfə olaraq 4 günlük körpə üzərində ağır ürək qüsuru əməliyyatı həyata keçirilib

Azərbaycanda ilk dəfə olaraq M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) 4 günlük körpə üzərində ağır ürək qüsuru əməliyyatı həyata keçirilib.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ağciyər arteriyasının kritik stenozu diaqnozu ilə doğulan körpənin əməliyyatını Belarusdan ölkəyə gələn cərrahlarla yerli mütəxəssislər birgə icra ediblər.

 

ECM-nin baş həkimi Yusif Əliyev bildirib ki, ECM-nin nəzdində Uşaq Kardiocərrahiyyə Mərkəzi yaranandan indiyə kimi burada 400-ə qədər açıq ürək əməliyyatı aparılıb. Onun sözlərinə görə, bu il ərzində artıq 3-cü dəfədir ki, Belarusdan Azərbaycana uşaq kardiocərrahları dəvət edilib. 11 nəfərdən ibarət olan əməliyyat briqadası mərkəzdə 15 əməliyyat həyata keçiriblər.

 

Belarus Uşaq Kardiocərrahiyyə Mərkəzinin Anesteziologiya və reanimasiya şöbəsinin müdiri Dmitri Leskovski bildirib ki, Bakıya gələndə anadangəlmə ürək qüsuru olan 4 günlük körpə hələ doğulmamışdı: “Onu dərhal əməliyyat etməsəydik, bir həftədən artıq yaşama imkanı yox idi. Yeni doğulan körpə Respublika Perinatal Mərkəzindən ağır vəziyyətdə Elmi Cərrahiyyə Mərkəzinə gətirilib və əməliyyat olunub. O, tədricən sağlamlığına qovuşacaq. Ona uzun müddət nəzarət edilməli və diqqət göstərilməlidir”.