Yeni nəslin daha böyük qələbələr qazanacağına inanıram

Azərbaycanda 2 Fevral Gənclər Gününün təsis edilməsi və gənclər ordusunun bayramına çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu əlamətdar gün ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən qeyd edilir. Dövlət gənclər siyasətinin banisi də ulu öndərimizdir. 

Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, bu sahədə də ümummilli liderin ənənələrini davam etdirir. Bu gün Azərbaycan gəncliyi özünün ən xoşbəxt dövrünü yaşayır, onların mənəvi inkişafı, vətənpərvərlik və milli ruhda tərbiyəsi, ölkə daxilində və xarici ölkələrdə təhsili, eləcə də sosial müdafiəsi sahəsində dövlət başçısının rəhbərliyi ilə ciddi addımlar atılır. Gənclər günü ilə bağlı möhtəşəm bir tədbirin keçirilməsi, fəal və təşəbbüskar gənclərin mükafatlandırılması da ­Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısının bir nümunəsidir.

Birmənalı şəkildə demək olar ki, gənc insanlarımızın hərtərəfli yetişməsi üçün bütün şərait yaradılıb. Bu gün ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi edir, idmançılarımız dünya üzrə ən müxtəlif idman tədbirlərində, çempionatlarda uğurlar qazanırlar. Azərbaycan gənci “Eurovision” mahnı müsabiqəsində birinci yeri tutub. Belə qələbələrə imza atan gənclərimizin, o cümlədən, idmançılarımızın əməyi dövlət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir.
İnanırıq ki, gənclərimiz gələcəkdə də dövlətin qayğısı nəticəsində həm idman, həm də digər sahələrdə daha böyük qələbələr qazana biləcəklər.

 

Zaur MİRZƏZADƏ,
“Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri