Nazir- Onları dəmir barmaqlıq gözləyir

Vergilər naziri Mikayıl Cabbarovun Vergilər Nazirliyində apardığı kütləvi kadr dəyişiklərinin ardından vergiyığma sahəsində şəffaflığın artırılması istiqamətində islahatları da davam edir.

Hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, hazırda yeni nazir bütün diqqəti vergi siyasətində şəffaflığın təmin edilməsinə, rüşvətin aradan qaldırılmasına yönəldib. M.Cabbarovun həyata keçirdiyi islahatlar çərçivəsində üç vergi əməkdaşının rüşvət alarkən saxlanılması da buna dəlalət edir.

Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları Nurlan Hüseynzadə, Cavid İsgəndərov və Emin Rəsulov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vergi ödəyicilərindən külli miqdarda pul alıblar.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində hər üç əməkdaş “iş başında” olarkən ifşa edilib və istintaq tədbirlərinə başlanılıb.

Nazirlikdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, qurumdakı “ələnmədən” sonra da “əliuzun” əməkdaşlar qalmaqdadır. Amma sonuncu atılan addım onların hamısını öz “qınına” çəkilməyə məcbur edib. Nəfsinə güc gələ bilməyənləri dəmir barmaqlıqlar gözləyir…

RƏSUL