Yeni qanun müzakirəyə çıxarılır

meclis20160429

 

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.XALQ.AZ-ın məlumatına görə,  iclasda  “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

İclasda ilk çıxış edən  komitə sədri Ziyad Səmədzadə bildirib ki, I oxunuşda layihə bağlı səslənən fikir və təkliflər qısa zaman kəsiyində qanun layihəsində yer alıb. Onun sözlərinə görə, Milli Məclisin  iqtisadi qanunvericilik şöbəsi Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə qanun layihəsinə xüsusilə də sadələşirilmə, texniki eləcə də mahiyyət baxımından bir sıra dəyişiklik edib.

Dəyişikliklər haqqında məlumat verən Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qeyd edib ki, qanun layihəsinin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, qanunun dili sadələşdirilib: “Qanun layihəsinin 5.1-ci maddəsi yeni redaktədə verilir. İlkin variantda deyilirdi ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydada üçüncü  şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmir. Bu o demək idi ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib, yeni redaksiyada verilir. Təklif olunan redaksiyada deyilir ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması xüsusi yüklülük növləri üçün könüllü, dövlət və bələdiyyə yüklülük növləri üçün məcburi xarakter daşıyır”.

M. Bazıqov söyləyib ki, dövlət və bələdiyyə yüklülüyünün növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilib: “Qanun layihəsinin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir.  Bu qanuna əsasən hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər. Bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib. Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Təklif olunur ki, hesabda olan pul vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş ödəmə növbəliliyindən istisna edilsin və yeni 6.4-cü maddə əlavə edilsin. Həmin maddədə qeyd edilir ki, bu qanunun digər maddələrinin müddəalarından asılı olmayaraq hesabda olan pul vəsaitlərinə yüklülük sahiblərinin tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində müəyyən edilmiş növbəliliklə bağlıdır. Mülki Məcəllənin 965-ci maddəsi isə hesabdan pul vəsaitlərinin silinməsini aşağıdakı ardıcıllığını müəyyən edir Yəni, burada ilk növbədə həyata və sağlamlığa vurulmuş zərər, aliment tutulması ilə bağlı tələblər ödənilməlidir. İkinci növbədə işçilərin işdən çıxma ilə bağlı əmək haqqının ödənilməsi ilə bağlı tələblər ödənilməlidir. Üçüncü növbədə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fondlarına ödəmələr ödənilməlidir”.

Daha sonra çıxış edən komitə üzvləri Əli Məsimli, Aydın Hüseynov, Tahir Mirkişili və digərləri qanun layihəsi ilə bağlı fikir və təkliflərini irəli sürübər.

Müzakirələrdən sonra  qanun layihəsi Milli Məclisin mayın 2-də baş tutacaq plenar iclasına tövsiyə olunub.