Yeni şəxsiyyət vəsiqələri ilə bağlı müşavirə keçirildi

Daxili İşlər Nazirliyində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsanamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli Fərmanından və “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli Qanunundan irəli gələn vəzifələrin icra vəziyyətinəhəsr olunmuş birgə müşavirə keçirilib.

 

XALQ.AZ xəbər verir ki, DİN-dən  verilən xəbərə görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qeyd olunan normativ-hüquqi aktların icrası ilə əlaqədar cari il sentyabr ayının 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağını diqqətə çatdırıb, Daxili İşlər və İqtisadiyyat nazirliklərinin müvafiq strukturlarının və tərəfdaş “İdrak Texnoji Transfer” şirkətinin bütün ölkə ərazisində göstərilən tarixdən yeni sənədin verilməsi istiqamətində hazırlıq, texniki işləri uğurla başa çatdırdığını bildirib.

Respublikanın iqtisadiyyat naziri Şahin Mustafayev həmkarının fikirlərini bölüşərək yeni nəsil şəxsiyyət vəsiqələrin tətbiqinə hazırlıq mərhələsində prosesə cəlb olunmuş bütün iştirakçıların birgə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib. O, qeyd olunan məsələlərin hər iki dövlət orqanının rəhbərliyi səviyyəsində dəfələrlə müzakirə edildiyini, qarşıya çıxan bütün problemlərin uğurla həllini tapdığını xatırladıb, bu işdə əməyi keçən bütün struktur qurumlara və şəxslərə təşəkkürünü bildirib.

Sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Elçin Məmmədov, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Tural İsgəndərov və “İdrak Texnoji Transfer” şirkətinin məsul əməkdaşı Cavanşir Hüseynov yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi istiqamətində görülən hazırlıq işləri barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd olunub ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub.

Bundan əlavə, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə zəruri avadanlıqlar ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında və “ASAN xidmət” mərkəzlərində quraşdırılıb, texniki parametrlərinin və iş göstəricilərinin yoxlanılması məqsədilə onlara sınaq baxışları keçirilib, yeni texnika ilə işləyəcək əməkdaşlar üçün müvafiq treninqlər keçirilib.

Hər iki nazir görülən işlərin Azərbaycan Respublikası Prezidentinin daim diqqət və nəzarətində olduğunu, həyata keçirilən tədbirlər barədə mütəmadi olaraq dövlət başçısına məruzə edildiyini vurğulayıblar, rəhbərlik etdikləri nazirliklərin aidiyyəti qurumlarının cari ilin sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə tam hazır olduğunu diqqətə çatdırıblar.

 

 

 

Orxan