Yeni tədbirlər planımızı təsdiq edəcəyik

 

b

Məlumdur ki, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi ölkəmizdə 9 oktyabrda keçirilən prezident seçkiləri günü öz fəaliyyətini bir qədər siyasiləşdirmişdi. Seçki prosesində bizim gənclər istər təbliğat-təşviqat kampaniyasında, istərsə də YAP-ın planlaşdırdığı trayektoriya üzrə aktiv şəkildə iştirak etdilər. Sonda isə hər şey qələbə ilə nəticələndi”. Bunu SİA-ya YAP Gənclər Birliyinin sədri Seymur Orucov hakim partiyanın Gənclər Birliyinin gələcək planları, layihələri haqqında danışarkən deyib.

Seymur Orucovun sözlərinə görə, YAP GB bəzi tədbirlərin vaxtında və formatında müəyyən qədər dəyişikliklər edib: “Sizlərə də məlum olduğu kimi, biz Müsəlmanların Müqəddəs Qurban bayramında sosial layihələr həyata keçirdik. Biz əsasən təhsil və sosial layihələr üzərində işləyirik. Buna misal olaraq, Azərbaycan tarixinə səyahəti göstərə bilərik. Nəzərdə tutulub ki, bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Kimya Şirkətinə (ARDKŞ) və “AzərKosmos” ASC-yə həvəsli gənclərin ekskursiyasını təşkil edək. Bununla belə, artıq biz YAP GB-nın Ofisində seminarlara başlamışıq. Burada ingilis dili kursları başqa formatda və məzmunda gənclərə aşılanır. Sevindirici haldır ki, bütün bu kurslar gənclərə pulsuz şəkildə təşkil edilir. Biz gənclər üçün bu şəraiti yaratdıqlarına görə YAP-ın rəhbərliyinə minnətdarıq. Bundan başqa nəzərdə tutulub ki, müxtəlif sahələr üzrə Azərbaycan dövlətinin hökumət nümayəndələri ilə gənclərin görüşü təşkil edilsin. Məsələn, xaricdə təhsillə, İKT ilə bağlı həmin sahənin mütəxəssisləri ilə gənclərin birgə görüşünü reallaşdırmaq istəyirik. Bizim kütləvi tədbirlərlə bağlı həm paytaxt Bakıda, həm də regionlarda tədbirlərimiz keçirilir. Biz artıq ilin sonunda yeni tədbirlər planımızı təsdiq edəcəyik”.