“YeniÇağ” 12 yaşını qeyd edir

Azərbaycan mediasında özünə məxsus yeri olan “Yenicag.az” bu gün 12 yaşını qeyd edir.
1 fevral 2006-cı-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olan “Yenicag.az” 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.
“Yenicag.az” Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ qaydada oxuculara çatdırır.
Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran “Yeniçag.az”da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.
Öz fəaliyyətində tərəfsizliyi və obyektivliyi hər zaman rəhbər tutan “Yenicag.az” mövcud siyasi və sosial qrupların heç birinə qarşı ayrıseçkilik etmir, tam obyektiv və müstəqil informasiya siyasətini həyata keçirir.
2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən “Yenicag.az”ın türk və rus dili versiyaları da fəaliyyətə başlayıb.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan “Yenicag.az” ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.
“Yenicag.az” bu gün də Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinə yönələn bütün cəhdlərə qarşı yüksək həssaslıq nümayiş etdirir və bu məsələləri daim diqqət mərkəzində saxlayır. 10 illik yubileyini qeyd edən “Yenicag.az” öz oxucularının mənafelərini hər zaman əsas götürərək, onların maraqla qarşılayacaqları yeni və aktual layihələri həyata keçirmək istiqamətində addımlayır.
Bu gün “Yeni Çağ Azərbaycan” Media Qrupuna “Yenicag.az” (Azərbaycan), “Yenicag.ru” (rus), “Yenicag.info” (türk) və “Yenicag.tv” domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan “Yenicag.az” ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi 3-4 milyon arasındadır.
Qaynarinfo-nun kollektivi həmkarlarını təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayır.