Yüksək vəzifəyə təyin edilən mətbuat katibləri – Siyahı

Əvvəllər bir jurnalistin yüksələ biləcəyi ən böyük vəzifə mətbuat katibliyi sayılırdısa, son bir il ərzində bir neçə tanınmış jurnalistimiz elə birbaşa mətbuat katibliyindən yüksək vəzifəyə təyinat alıb.

XALQ.AZ  Modern.az-a istinadən onların siyahısını təqdim edir.

30 oktyabr 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tahir Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

T.Məmmədov bu təyinatadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri vəzifəsində işləyirdi.

Daha əvvəl isə o, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nazirliyə gəlməzdən öncə T.Məmmədov İctimai Televiziyada müxtəlif vəzifələrdə olub,  departament direktoru və “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib.

Etimad göstərilərək yüksək posta gətirilən mətbuat katiblərindən biri də Hikmət Hacıyevdir. 26 noyabr 2018-ci ildə Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

H.Hacıyev 2014-2018-cil tarixlərində Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Son təyinatadək isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsində müdir müavini vəzifəsini tuturdu. O, 2018-ci ilin sentyabrında həmin posta aparılmışdı.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əvvəlki müdiri Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra həmin vəzifə boş qalırdı.

Daha bir mətbuat katibi isə icra başçısının müavini postuna gətirilib. Belə ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsindən Səbail rayon İcra Hakimiyyəti başçılığına təyinat alan Vüqar Zeynalovun müvafiq əmrilə 14 dekabr 2018-ci ildə Vüqar Şıxəmmədov onun müavini vəzifəsinə gətirilib. V.Şıxəmmədov bu təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub.

Sonuncu təyinat isə Anar Hüseynovla bağlıdır. Kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmrilə qurumun İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb. Anar Hüseynov daha əvvəllər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“Asan Xidmət”) İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.