Zərdabda icra başçısının pulyığanları

Zerdab

Lütfəli Babayev təkcə müəllimlərin bağça tikintisi adı altında 100 min manatdan çox pullarını alıb

Zərdabda vəziyyət dözülməz şəkil alıb. JAM.AZ-a müraciət edən rayon sakinləri bildiriblər ki, vəziyyət o qədər ağırdır ki, insanlar nə edəcəklərini belə bilmirlər.

Məlumatda qeyd edilir ki, ağır durumda olanlar sırasında əsas yeri müəllimlər tutur. Belə ki, onlardan artıq 2-3 dəfə 50 manatdan pul yığılıb. Və bu pulun da bağçanın tikintisi üçün toplanıldığı bildirilib. Rayon camaatı bildirib ki, indiyə qədər təkcə müəllimlərdən yığılan pulun miqdarı 100 min manatdan çox olsa da, nə bağça var, nə də onun tikintisini görən.
Zərdabın icra başçısı Lütfəli Babayevin nəzarəti altında həyata keçirilən prosesin bununla d bitmədiyi deyilir. Verilən məlumatda deyilir ki, icra başçısının pulyığma «kampaniya»larından biri də işə götürmə ilə bağlıdır. Belə ki, büdcə təşkilatları pul alaraq işə götürdükləri şəxsi 7-8 aydan sonra işdən çıxarırlar. Və bəhanə də bu olur ki, həmin şəxsin ixtisası işinə uyğun gəlmir. Əvvəlki iş yerində qalmaq istəyənlər 200 manat verdikdən sonra isə ixtisas «gözəgörünməz qüvvələr» tərəfindən işə uyğunlaşdırılır və məsələ həllə olunur.

İdarə və müəssisə rəhbərləri özləri də etiraf edirlər ki, bu işlər onlarlıq deyil. Çünki tapşırıq birbaşa Zərdab royon İcra Hakimiyyəti başçısı tərəfindən verilib.

Bu əsnada daha bir maraqlı məqam üzə çıxıb. Məlum olub ki, Lütfəli Babayevin rayonda pul yığanlarının sayı heç də bir deyilmiş. Belə ki, onların 5 nəfər olduğu vurğulanır. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, «dəstəyə» icra başçısının müavini Rəhman Feyzullayev başçılıq edir. Onun təlimatlarını isə Xəyalə, Lalə, Vasif və Xəzri adlı şəxslər icra edirlər. Bu şəxslərin Zərdab İcra Hakimiyyətində işlədiyi deyilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.