Zahid Oruc: “Yeni qurumlar yaradılmalıdır”

“Dövlət başçısının andiçmə mərasimində islahatların davam etdirilməsi ilə bağlı məsələyə böyük önəm verməsi və onun üzərində ayrıca dayanması vacib məsələdir”

XALQ,AZ xəbər verir ki, bunu açıqlamasında prezidentliyə keçmiş namizəd, millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, prezidentin çıxışı 2015-ci ildən hökumətdə intensivləşən kadr dəyişikliklərinin, struktur və funksional birləşdirmələrin aparılması baxımından mühüm mesajdır: “Bir çox strukturların fəaliyyətində köklü dəyişiklikləri müşahidə etməkdəyik. Ölkə rəhbəri andiçmə mərasimindəki nitqində Vergilər Nazirliyi üzərinə qoyulan ən böyük vəzifəni açıqladı. Bu vəzifə ondan ibarətdir ki, ümumiyyətlə, iş adamları sistemindən hər hansı mənfi müraciətlər alınmasın, artıq dərəcədə Avropa ölkələrində özünü göstərən iş üsulları bizdə də bərqərar olsun. Həqiqətən də əhalinin yüz min nəfərinə düşən kiçik və orta sahibkarlar statistikasında xeyli geri qalırıq. Bu, neftə alternativ hazırlayan ölkə üçün yaxşı sayıla bilməzdi”.

Milli Məclisin üzvü qeyd edib ki, bütün bu məsələlər siyasi addımlarla tamamlanmalıdır. Deputat, həmçinin təklif edib ki, ölkədə ictimai nəzarəti həyata keçirmək üçün yeni qurumlar yaradılmalıdır.

“Prezident çıxışı zamanı bildirdi ki, seçki dönəmində namizədlərin irəli sürdüyü müxtəlif təkliflər, platforma müddəaları gələcək dövrdə proqramlarda istifadə olunacaq və onların rasional olanlarından faydalanılacaq. Belə olan təqdirdə bütün qüvvələr arasında yaxşı bir həmrəylik mühiti, dialoq şəraiti bərqərar olur. Zənnimcə, bu, bir ovuc qüvvələri çıxmaq şərtilə, gələcək dövrdə siyasi barış yönündə addımların atılması baxımından çox vacib idi. Düşünürəm ki, siyasi islahatların ən mühümlərindən biri istər dövlət başçısı yanında, istərsə də parlament və ya digər hakimiyyət qollarında ictimai nəzarət sistemlərini bərqərar edən müxtəlif qurum və ya təsisatların yaradılması olardı. Baxın, Rusiyada İctimai Palata adlı bir təsisat var. Hesab edirəm ki, belə bir formatın Azərbaycanda reallaşmasına ciddi ehtiyac var. Yəni nüfuzlu insanlar hansısa bir aralıq həlqələrdə təmsilçilik hüququ qazanırlar və onların əsas vəzifəsi cəmiyyətdən gələn siqnalları vaxtında dövlətə, hakimiyyət elitasına çatdırmaqdır ki, o ötürücülükdə iştirak edirlər və belə vasitə ilə bu gün bizə bəlli olan, sosial mediada tirajlanan müxtəlif məsələlərin, bəzən isə şayiələrin, hər hansı qarayaxmaların, ittihamların aradan qalxmasını doğurmuş olurlar. Nəticədə xalq idarəçilikdə yaxından iştirak edir. Bu, hər bir hakimiyyət qolunun məsuliyyətini gücləndirmiş olur”,- deyə Z.Oruc qeyd edib.

Elgün