Zakir Həsənov görüş keçirib

Zakir Həsənov Jan Pyer Lakrua ilə görüşüb.

Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT baş katibinin müavini – BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri Jan Pyer Lakrua ilə görüşüb.

Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov BMT-nin Sülhməramlı Əməliyyatlarına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT baş katibi müavininin diqqətinə çatdırıb.

Müdafiə naziri bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz torpaqlarını istənilən vasitə ilə azad etmək hüququnu özündə saxlayır.

Görüşdə tərəflər ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparıblar.

image description

image description

 

Orxan