Zakir Həsənovun orduya verdiyi son tapşırığın məqsədi nədir?

“Mən bunu fövqəladə deyil, Müdafiə Nazirliyi rəhbərliyinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması və müdafiə immuntitetinin gücləndirməsi istiqamətində növbəti addımı kimi qiymətləndirirəm”.

XALQ.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun döyüş fəaliyyətlərinin aparılmasına hazır olmaqla bağlı verdiyi tapşırığı şərh edərkən deyib.

Komitə sədrinin müavini xatırladıb ki, Azərbaycan torpaqlarının 20%-i hələ də Ermənistan silahlı qüvvələrinin işğal altındadır və müharibə bitməyib: “Ona görə də Azərbaycan Ordusu daim öz döyüş qabiliyyətini və hazırlığını yüksək səviyyədə saxlamalıdır. Şübhəsiz ki, ordumuzun həm texniki təchizatı, həm peşəkar kadr hazırlığı Ali Baş Komandanın nəzarəti altındadır. Bu istiqamətdə hər vaxt gücləndirmə işləri aparılır”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan regionun ən güclü dövləti kimi müxtəlif tədbirlərlə öz yerini və rolunu daha da artırır: “Önümüzdə yeni dünya nizamı yaranır. Ardıcıl addımlar atılır, baş verən ən müxtəlif hadisələr həm regional, həm də qlobal səviyyədə yeni güc balansları formalaşdıra bilər. Ona görə də Azərbaycan regionun ən güclü dövləti kimi öz yerini və rolunu daha da artırmaq üçün müxtəlif tədbirlərə əl atır.

Bunların önündə Azərbaycan Ordusunun gücləndirilməsi gəlir. Müdafiə Nazirliyinin daxilində atılan addımları da məhz bu kontekstdən qiymətləndirmək lazımdır. Çünki müharibə bitməyib və Azərbaycan həmişə istənilən vəziyyətə hazır olmalıdır. Öz torpaqlarını işğaldan azad etmək və ərazi bütövlüyünü bərpa etmək üçün regionda və dünyada yaranmış hər hansı güc balansı hadisəsini öz milli maraqları lehinə yönəltməyi bacarmalıdır”.

Qeyd edək ki, mayın 2-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə naziri ordu rəhbərliyinin diqqətini son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. Nazir tərəfindən ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verilib.

Müdafiə naziri bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib.

Müdafiə naziri faşizm üzərində qələbənin 75-ci ildönümü və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin yüksək səviyyədə keçirilməsini tapşırıb.

Müşavirənin sonunda Müdafiə naziri silah, hərbi və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə, şəxsi heyətin yay geyim formasına keçirilməsi, eləcə də hərbi qulluqçuların sağlamlığına tibbi nəzarətin gücləndirilməsi və onların təhlükəsizliyinin təmin olunması barədə müvafiq tapşırıqlar verib.