Zaqatala təhsilində 700 min manatlıq «oyun»

 

77

 

Habil Qurbanovun bu qədər pulun bir qismini yaxınlarına məxsus şirkətlərin əliylə mənimsədiyi bildirilir

Zaqatala rayon Təhsil Şöbəsinə bu ilin 9 ayı ərzində üst-üstə 700 min manat pul ayrılıb. Həmin pulun maddələr üzrə hansı məqsədlər üçün sərf olunduğu sənəddə göstərilsə də, reallıqda bunların heç biri ilə bağlı dəqiq məlumat yoxdur.

Məlumatlarda deyilir ki, şöbəyə ayrılmış pulun 101340 manatı sair xərclər maddəsi üzrə malların satın alınmasına sərf olunub. Və bu satınalmanı «Qaya L» MMC həyata keçirib. Avadanlıqların satın alınması prosesini isə “Bizim Sahil” MMC reallaşdırıb ki, onların da hesabına 106010 manat pul köçürülüb.

Amma Habil Qurbanovun «əməliyyat»ları bununla yekunlaşmayıb. Həmçinin təhsil şöbəsinin müdiri yumşaq inventarların satın alınması üçün də 53 min manat «xərcləyib» ki, bu işləri də “Rezak-ML” MMC şirkəti reallaşdırıb. Sözügedən qurum 125103,6 manata isə digər maşın və avadanlıqları satın alıb. “Bik Texnik” MMC-nin həyata keçirdiyi proses bununla yekunlaşmayıb və bərk inventarların satın alınması prosesini də ona həvalə ediblər. Bu işlə əlaqədar isə həmin şirkətin hesabına 343505,08 manat pul köçürüldüyü vurğulanır.

Məlumatlarda deyilir ki, Habil Qurbanovun rəhbərlik etdiyi qurum bu qədər vəsaiti xərcləməsinin səbəbi kimi Zaqatalada baş vermiş zəlzələni göstərib. Daha doğrusu, bir çox kəndlərdə orta məktəblərin dağıldığını və yenidən qurulduğunu bildirən Təhsil Şöbəsi ayrılmış pulları da həmin məqsədlərə sərf etdiyini iddia edir. Amma rayondan gələn xəbərlərə görə, təhsil şöbəsinin müdiri heç də həmin pulların hamısını xərcləməyib. Xərclədiklərinin bir qismi isə öünə yaxın olan şirkətlərdən ibarət olub.

İddia olunur ki, Habil Qurbanov ayrılmış pulun 20 faizini özünə götürüb. Hətta bu işlərin ardından onun Bakıda özünə ev aldığına dair iddialar da var. Qeyd olunur ki, qalan pulun böyük bir qismi isə Zaqatalanın icra başçısının yaxınlarına məxsus olan «Biq Tkxnik» MMC-nin əliylə «həzmi rabedən» keçirilib. Düzdür, bu zaman şöbə müdirinə elə də qazanc qalmayıb.

Məktəblərə alınmış bərk inventarlara gəldikdə isə onların alındığı MMC-nin isə məhz Habil Qurbanovun qohumlarına məxsus olduğu vurğulanır.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.