Zaur Mirzə-zadə: “Respublikamız dünyada çoxkonfessiyalı, çoxmillətli ölkə kimi böyük nüfuz qazanıb” 

Bakı Beynəlxalq Humanitar Forumunda bu gün bəşəriyyət qarşısında qlobal çağırışları cavab axtarılır 

Bakı altıncı dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
Xatırladım ki, 2010-cu ildən təşkil edilən və təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləri olan bu forumun Bakıda keçirilməsi təsadüfi deyil. Əvvəla, Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, xalqımız isə yaratmaq və birləşdirmək bacarığı ilə məşhur olub. Bütün dinlərin, xalqların nümayəndələrinin bir ailə kimi yaşadığı respublikamız dünyada çoxkonfessiyalı, çoxmillətli ölkə kimi böyük nüfuz qazanıb.
Bir sözlə, Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.
Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti barədə danışarkən deyib: “Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur”.
VI Bakı Beynəlxalq Humanitar Forumunda sosial və humanitar fəaliyyətin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdırırlar.
Qeyd etdiyim kimi, Azərbaycanda ənənəvi hal alan bu forum dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır. İndiyədək ölkəmizdə keçirilən humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər iştirak ediblər. Budəfəki forumda da həmin ənənə davam ­etdirilir.
Onu da xatırladım ki, VI Bakı Beynəlxalq Humanitar Forumu “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunub. Fikrimcə, bu mövzu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul ­olunmalıdır.
Forumun mövzusu, eyni zamanda, məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm də beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.

 

Zaur MİRZƏ-ZADƏ


Comments are closed.