Zaur Mirzə-zadə:”Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi davam etdirilir”

zaurr mirza zade

Heydər Əliyevin çoxillik fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri o qədər zəngindir ki, bu nəhəng ideya-siyasi irsi sonadək araşdırmaq bir nəslin görüb qurtaracağı iş deyil. Umümmilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən ideya və əməlləri strateji və taktiki mükəmməlliyi, əhatəliyi və ardıcıllığı ilə seçilirdi. O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi. Zaman keçdikcə hər nəsil bu tükənməz xəzinəyə öz tələbatı və meyarları baxımından yanaşacaq, özünə gərəkli pay götürəcək. Doğrudan da, illər keçdikcə biz ümummilli liderimizin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq.
Bu həqiqətin sübutu olaraq ümummilli liderin həyatının müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədiləşdirilməsinə həsr olunmuş illərinə nəzər saldıqda, o zaman çərçivəsində xalqını düşünən və Azərbaycanı dünyaya tanıtmaq naminə böyük işlər görülmüşdür.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin seçdiyi taktika belə bir məqsədə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, sovet imperiyası daxilindəki mövqeyini gücləndirməklə onu elə səviyyəyə qaldırmaq lazımdır ki, bu yüksəliş respublikanı dünyaya tanıdan, onun milli-etnik mövcudluğundan xəbər verən təsirli amilə çevrilsin.
Hamı bilirdi ki, Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə geniş quruculuq işləri ilə məşğul olub, milli maraqların keşiyində dayanıb.
Növbəti dönəmdə isə ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Sovet imperiyasının çöküşü və müstəqillik epoxasının başlanması nə qədər yeni olsa da, aydın baxışlı siyasətçi olan Heydər Əliyev əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Ənənə davam etməli idi.
Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla təmas xəttində atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yaratdı.
Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı dövlətlərlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda, bu dövrdə bəzi qonşu dövlətlərlə müstəqilliyin ilk iki ilində əsassız yaradılmış soyuqluğun aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər görüldü.
Ümumilikdə, tarixi təcrübə və araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin Azərbaycan iqtidarına xalqın çağırışı ilə ikinci gəlişi təkcə xalqı və müstəqilliyi təhlükələrdən qurtarmaqla bitmədi, həm də ölkənin daimi etibarlı müdafiəsini reallaşdırdı. Qurtuluş missiyası geniş anlamda, xarakterinə görə, bütövlükdə, xalqın varlığı, mənəvi, ruhi, mədəni mövcudluğu, sabahı ilə bağlı problemləri özündə ehtiva edirdi.
Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməlləşməsini təmin edir. Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Ölkə başçısı İlham Əliyevin hər bir azərbaycanlının prezidenti olacağam sözlərini əməli ilə sübut edir.

Zaur Mirzə-zadə “DAİM” Mərkəzinin sədri