Zaur Mirzə-zadə “Dövlət siyasətində prioritet – sosial rifah”

Respublikamızda vətəndaşların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi dövlətin sosial siyasətində prioritet istiqamətlərdən biridir. Xatırladım ki, bu, əhalinin məşğulluğunun, tibbi xidmətlərin yüksək səviyyəsinin, pensiyaçıların, çoxuşaqlı ailələrin, əlillərin hüquqlarının müdafiəsinin təmini yolu ilə həyata keçirilir.
Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin edilir, bu məsələlər daim diqqətdə saxlanılır. Ölkəmizdə genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər respublikamızda görülən işlərin əsas məqsədi də məhz Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır.
Əhalinin sosial baxımdan aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial istiqamətlərə büdcə vəsaitlərinin ildən-ilə artırılması, müxtəlif kateqoriyalı insanların dövlət hesabına xaricə müalicəyə göndərilmələri, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə Bakıda və regionlarda yaşayış binalarının tikilməsi, onların minik avtomobilləri ilə təmin olunmaları bu sahəyə möhtərəm dövlət başçımızın qayğısından xəbər verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamı da dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür.
Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılması nəzərdə tutulub.
Fikrimcə, cənab Prezidentin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir və aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir.
Bütün bunlar isə onu göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Sosial sahədə uğurlar, xalqın ildən-ilə yüksələn rifahı dövlətimizin başçısının uzaqgörən siyasətini əyani olaraq bir daha təsdiq edir.

Zaur Mirzə-zadə


Comments are closed.