Zaur Mirzə-zadə: “Hər birimiz bu prosesdə dövlətə dəstək olmalıyıq”

Ölkəmizdə virusun aşkarlandığı ilk gündən dövlət başçısının tapşırığına əsasən bu bəşəri bəla ilə ciddi mübarizə aparılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, respublikamızda ölüm faizi nisbətən aşağı səviyyədədir. Buna baxmayaraq, vətəndaşlarımız karantin rejiminə ciddi riayət etməlidirlər. Hər birimizin bu prosesdə dövlətə dəstək olmağımız, pandemiyanın ikinci dalğasına rəvac verəcək səbəblərdən çəkinməyimiz ən ümdə məsələlərdəndir. Hər şeydən öncə, bu, hamımızın vətəndaşlıq borcudur. Bunu Xalq qazetinə açıqlamasında Zaur Mirzə-zadə bildirib.

COVID-19 kifayət qədər təhlükəli xəstəlikdir. Buna görə də pandemiyanın bundan sonra dünyada özünü necə göstərə biləcəyi ilə bağlı heç bir məlumat olmasa da, biz ehtiyatımızı əldən verməyərək, dövlətimiz tərəfindən tövsiyə edilən təlimatlara uyğun davranmalıyıq.

Ölkəmizdə pandemiya ilə bağlı prosesə vaxtında müdaxilə xəstəliyin ən təhlükəli həddə çatmasının qarşısını aldı, bununla əlaqədar məhdudlaşdırıcı tədbirlərin görülməsi də qısa müddətdə nəticə verdi. Ancaq arxayınlaşmağımız xəstəliyin yeni dalğası üçün zəmin yarada bilər. Bütün dünya mütəxəssisləri bildirirlər ki, koronavirus uzunmüddətli davam edə biləcək pandemiyadır və ikinci dalğanın başlanması da istisna olunmur.

Bu mənada, sağlamlığın qorunması öhdəliyi vətəndaşların üzərindədir. İnsan sağlamlığına hər hansı bir təhlükə varsa, onu heç nəyə qurban vermək olmaz. Odur ki, diqqətli olmalıyıq, dövlətimizin bütün çağırışlarını diqqətdə saxlayıb, problemin tezliklə aradan qaldırılmasına dəstəyimizi nümayiş etdirməliyik. Vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı və karantin rejiminə ciddi əməl etməlidirlər ki, xəstəliyə yoluxma sayının artması ilə üz-üzə qalmayaq. Çünki biz cənab Prezidentin ifadə etdiyi kimi, birlikdə güclüyük.

Bir sözlə, qaydalara əməl etməsək, hadisələr ziyanımıza işləyər və böyük fəlakətlə qarşılaşa bilərik.