Zaur Mirzə-zadə “İlham Əliyev sosial sahəyə daim xüsusi diqqət və qayğı göstərir”

Son 15 ildə Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu kateqoriyadan olan insanların rifah halının mütəmadi yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən birini təşkil edib.

XALQ.AZ məlumat verir ki, Zaur Mirzə-zadə Xalq qəzetinə (http://xalqqazeti.com/az/news/429)     

açıqlamasında  bildirib ki, Dövlətimizin başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən onlara ödənilən pensiya və müavinətlərin məbləği vaxtaşırı artırılıb, müasir tələblərə cavab verən çoxmənzilli yaşayış binaları tikilərək istifadələrinə verilib.
Prezident İlham Əliyevin iştirakı ilə avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində bu kateqoriyadan olan vətəndaşlara mənzillərin və avtomobillərin verilməsi mərasiminin keçirilməsi də bunun daha bir parlaq nümunəsi idi.
Dövlətimizin başçısı həmin mərasimdəki nitqində bildirib ki, son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, həmçinin 6 mindən çox minik maşını verilib. Möhtərəm Prezidentimiz cari ilin sonuna kimi daha 300 mənzilin də bu kateqoriyadan olan insanlara veriləcəyini diqqətə çatdırıb.
Ölkə rəhbəri, həmçinin vurğulayıb ki, bu sahədə görülməli işlər hələ çoxdur. Belə ki, hazırda 4 minə yaxın insan mənzil növbəsindədir. Onların da tezliklə mənzillə təmin edilməsi üçün vaxtaşırı büdcədən pul ayrılacaq. Bir sözlə, Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlilləri və şəhid ailələri arxayın ola bilərlər ki, dövlətin qayğısından daim bəhrələnəcəklər.
Prezident İlham Əliyev dövlətin bu kateqoriyadan olan insanlara hər zaman qayğı göstərdiyini vurğulayaraq xatırladıb: “Dövlətimiz sosial siyasəti uğurla aparır. Görülmüş işlər bunun bariz nümunəsidir. Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir… Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində mənzillə, evlə, maşınla təmin ediləcək”.
Göründüyü kimi, cənab İlham Əliyev prezidentlik fəaliyyətində sosial sahəyə daim xüsusi diqqət və qayğı göstərir, imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi qərarlarla sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradır.
Qeyd olunan insanlara diqqət və qayğının artırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müəllifi olduğu layihə və təşəbbüslər xüsusi önəm kəsb edir. Fond tərəfindən görülən işlər, eləcə də əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə fəal inteqrasiyası məqsədilə həyata keçirilən digər tədbirlər Azərbaycanda sosial müdafiə siyasətinin daha da güclənməsində və onun əhatə dairəsinin genişlənməsində önəmli rol oynayır.