Zaur Mirzəzadə: “Dövlətimizin bütün çağırışlarına əməl etməliyik”

Ölkəmizdə virusun aşkarlandığı ilk gündən dövlətimizin başçısının tapşırığına əsasən, atılan addımlar nəticəsində bu gün bu bəşəri böhranla ən effektiv mübarizə aparırıq. Bunun nəticəsidir ki, ölkəmizdə ölüm faizi nisbətən aşağı səviyyədədir. Buna baxmayaraq, vətəndaşlarımız karantin rejiminə ciddi riayət etməlidirlər. Hər birimiz bu prosesdə dövlətə dəstək olmağımız, pandemiyanın ikinci dalğasına rəvac verəcək səbəblərdən çəkinməyimiz ən ümdə məsələlərdəndir. Hər şeydən öncə, bu, hamımızın vətəndaşlıq borcudur.

XALQ.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “DAİM” Mərkəzinin sədri Zaur Mirzə-zadə deyib.

COVID-19-un kifayət qədər qorxulu xəstəlik olduğuna diqqət çəkən Zaur Mirzə-zadə söyləyib ki, pandemiyanın bundan sonra dünyada necə inkişaf edəcəyi ilə bağlı heç bir məlumat olmasa da, biz ehtiyatımızı əldən verməyərək dövlətimiz tərəfindən tövsiyə olunan təlimatlara uyğun hərəkət etməliyik.

“Ölkəmizdə pandemiya ilə bağlı prosesə vaxtında müdaxilə xəstəliyin ən təhlükəli həddə çatmasının qarşısını aldı, bununla əlaqədar məhdudlaşdırıcı tədbirlərin görülməsi, qısa müddətdə nəticə verdi. Ancaq arxayınlaşmağımız xəstəliyin yeni dalğası üçün zəmin yarada bilər. Bütün dünya mütəxəssisləri bildirir ki, koronavirus uzunmüddətli davam edə biləcək pandemiyadır və ikinci dalğanın başlanması da istisna edilmir. Bu mənada, sağlamlığın qorunmasının öhdəliyi vətəndaşların üzərindədir. İnsan sağlamlığına hər hansı bir təhlükə varsa, onu heç nəyə qurban vermək olmaz. Odur ki, diqqətli olmalıyıq, dövlətimizin bütün çağırışlarına əməl edib, problemin tezliklə aradan qaldırılmasına biz də dəstəyimizi nümayiş etdirməliyik. Vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı və karantin rejiminə əməl etməlidir ki, xəstəliyə yoluxma sayının artması ilə üz-üzə qalmayaq. Çünki biz birlikdə güclüyük”, – deyə Zaur Mirzə-zadə vurğulayıb.

O əlavə edib ki, qaydalara əməl etməsək, hadisələr bizim ziyanımıza işləyər və biz böyük fəlakətlə qarşılaşa bilərik.