“Zirvə görüşünün keçirilməsi ölkəmizə olan beynəlxalq inam və etimadın göstəricisi idi”

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi növbəti dəfə ölkəmizə olan beynəlxalq inam və etimadın göstəricisi idi.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Millət vəkili xatırladıb ki, bundan öncə – aprelin 10-da Prezident İlham Əliyevin  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri qismində Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünü keçirməsi də xüsusi qeyd olunmalıdır.

“Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü hər iki təşəbbüsün beynəlxalq aləmdə dəstəklənməsi ölkəmiz adına böyük hadisədir. Bu konfranslar bütün dünyada böyük narahatlıq doğuran koronavirus pandemiyasının qarşısının alınması kimi olduqca vacib və aktual məsələyə həsr edilmişdi.

Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat oldu ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirdi. 


Bu, türkdilli dövlətlərin nümunəvi səviyyədə olan həmrəyliyinin bariz təzahürü idi.

Azərbaycanın təşəbbüsü ilə keçirilən hər iki Zirvə görüşünə dövlət başçılarının, dünyanın ən böyük beynəlxalq təşkilat rəhbərlərinin – BMT Baş Assambleyasının sədrinin, Afrika İttifaqı sədrinin, Ümumdünya Səhiyyə Təşkilatı baş direktorunun, Avropa İttifaqı ali nümayəndəsinin qatılması ev sahibi qismində çıxış edən Azərbaycana həmin təşkilatların münasibətinin göstəricisi idi”.

Koronavirus pandemiyasının qlobal təhlükə olduğunu vurğulayan Ü.Quliyev bu bəlanın və onun fəsadlarının aradan qaldırılmasına da qlobal cavab tələb olunduğunu qeyd edib:

“Koronavirus pandemiyasının tüğyan etdiyi indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır. Şübhəsiz ki, hər iki videokonfransda Azərbaycan Prezidenti İlham Əliyevin pandemiyaya qarşı beynəlxalq həmrəyliyə çağırışı, bu istiqamətdəki mesajları xəstəliklə mübarizəni olduqca effektli edəcəkdir.


Zirvə görüşləri bir daha sübut etdi ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır”. 

Ülvi Quliyevin sözlərinə görə, dünya mediası da hazırkı mürəkkəb və çətin dövrdə Azərbaycanın təşəbbüskarlığı, kommunikasiya qurma bacarığı, qarşılıqlı yardımlaşma istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

“Cənab Prezident İlham Əliyev videokonfranslar vasitəsilə koronavirusa qarşı mübarizədə Azərbaycanın operativ və adekvat tədbirlərini beynəlxalq aləmə təqdim etdi. Eyni zamanda bildirdi ki, ölkəmiz istənilən dövlətlə öz uğurlu təcrübəsini bölüşməyə, bu sahədə əməkdaşlıq etməyə hazırdır. Bununla da Azərbaycan COVID-19-la mübarizədə qlobal miqyasda həmrəylik və əməkdaşlığın gücləndirilməsinə özünün əhəmiyyətli töhfəsini vermiş oldu”.