Ziyafət Əsgərov Ermənistana mesaj verdi

“Biz separatçı rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışı sülh danışıqlarının düzgün məcrada aparılmasına maneə yaradır. Ermənistan danışıqlardan qaçmaq, pozmaq üçün hər zaman müxtəlif bəhanələr atır. Deyirlər ki, format dəyişdirilsin, separatçı rejim danışıqlarda iştirak etsin və s. Bəllidir ki, bu format 1992-ci ildən ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar da bu istiqamətdə davam etməlidir”.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə aşıqlamasında Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir.

“Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir. Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır, Ermənistan torpaqlarımızı işğal edib. Amma Ermənistan hər vəchlə danışıqların bu formatda aparılmasına maneə törətməyə çalışır. Ona görə də Minsk qrupu da hesab edir ki, danışıqlar formatı dəyişilməz olaraq qalmalıdır. Bu istiqamətdə danışıqlar gedəcəksə, biz bunun tərəfdarıyıq. Amma Ermənistan imitasiya yaradır, danışıqların aparılmasını pozmaq istəyir. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm beynəlxalq dəstəkdən istifadə edib, istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallarda biz istəyirik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, biz buna da hazırıq”.

 

Z.Əsgərov qeyd edib ki, Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin Ermənistan tərəfindən narahatçılıq doğurmasına da münasibət bildirib.

“Bu, hərbi təlimlər Ali Baş Komandan tərəfindən təsdiq olunan, plan əsasında həyata keçirilir. Azərbaycan suveren dövlətdir və nə vaxt istəsə hərbi təlimlər keçirə bilər.

 

Bu, bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik. Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir.

 

Digər tərəfdən Ermənistan hər zaman qorxuda, təzyiq altında olmalıdır. Çünki, işğalçıya hər zaman təzyiq göstərilməlidir. Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq olub. Ermənistan rəhbərliyi bu prosesi ləngitmək, qeyri-səmimilik göstərmək, təxribatlar etmək istəyir. Bu, onların köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur. Hər halda bizim səbrimiz tükənməz deyil. Beynəlxalq hüququn bərqərar olunması, torpaqların işğaldan azad olunması və regionda sülhün bərpa olunmasını istəyirik”

 

Orxan