Zona yarışlarının təşkil olunması məqsədilə toplantı keçirildi

10 oktyabr 2018-ci il tarixdə Ağdaş rayon Gənclər və İdman idarəsinin iclas zalında Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının Gənclər və İdman idarələrinin rəisləri, Uşaq Gənclər İdman Məktəblərinin direktorları və məşqçi müəllimlərin iştirakı ilə məktəblilərin respublika çempionatının zona yarışlarının təşkil olunması məqsədilə toplantı keçirildi.
XALQ.AZ xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısı barədə görülən işləri qeyd etməklə,  əsası ulu öndər Heydər Əliyev tərəfindən  qoyulan idman siyasətinin bu gün də  dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini  vurğuladılar.
Qeyd edildi ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhzil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 2019-cu ildə  Ağdaşda idmanın atletika, şahmat, voleybol və basketbol növləri üzrə məktəblilərin respublika çempionatının zona yarışları keçiriləcəkdir.
Təhsil Nazirliyi respublika idman mərkəzi direktorunun müavini Çingiz Səmədov, Gənclər və İdman Nazirliyinin məsul işçisi Əliniyaz Mirzəyev zona  yarışlarının keçirilməsi qaydaları, təşkilati məsələlər haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdilər.
Tədbir iştirakçılarının  yarışların keçirilməsi ilə bağlı təşkilati işlərə dair sualları cavablandırıldı.

 

 

Orxan