Əmək yarmarkası keçiriləcək

XALQ.AZ xəbər verir ki,  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2018-ci il üzrə İş Planına uyğun olaraq, bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır. Yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq. Həmin vətəndaşlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Dövlət Məşğulluq Xidmətinin Əmək Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün həmin Birjaların iştirakı da təmin ediləcək.

Cari il ərzində həmçinin ölkəmizin təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, ötən il respublikamızın rayon və şəhərlərində keçirilən əmək yarmarkaları zamanı vakant iş yerlərinə göndəriş verilən vətəndaşlardan 90 faizə qədəri həmin iş yerlərində işlə təmin ediliblər.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.