Astarada məktəb binalarının açılışı oldu

85

 

Astara rayonunda 63 ümumtəhsil məktəbində şagirdlərin təlim-tərbiyəsi həyata keçirilir. Bu məktəblərin əksəriyyəti köhnə, uyğunlaşdırılmış binalarda yerləşirdi. Son 10 ildə rayonda 30 yeni məktəb binası tikilmiş, 13-ü əsaslı təmir olunmuşdur. Hazırda 3 məktəbin tikintisi davam etdirilir. 15 sentyabr tarixində respublikanın hər yerində olduğu kimi Astara rayonun ümumtəhsil məktəblərində də bir qələbəlik, bir izdiham var idi. Şuvi, Vaqo, Siyaku, Asxanakəran, Hamoşam kənd tam orta və Rudəkənar kənd ümumi orta məktəbinin kollektivləri isə yəqin ki, 2013-cü ilin 16 sentyabr sevincini uzun müddət unutmayacaqlar. Həmin tarixdə rayonun 6 böyük kəndində 2000 nəfər şagird yeni tikilmiş iki mərtəbəli, müasir invertar və avadanlıqlarla təchiz olunmuş gözəl, yaraşıqlı, məktəblərdə dərsə başladılar.

Məktəb binalarının açılışına rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə yanaşı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, görkəmli akademik-alim Sudeyif İmamverdiyev, Milli Məclisin deputatı Aslan Cəfərov, məktəblərin pedaqoji və şagird kollektivləri, valideynlər, kənd ictimaiyyətinin nümayəndələri və məktəbin tikintisində iştirak edən inşaatçılar toplaşmışdı.

Məktəblilər yeni məktəb binasının açılışına gələn rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevi və digər qonaqları gül-çiçəklə, hörmət və ehtiramla qarşıladılar.

Əvvəlcə 480 şagird yerlik Şuvi kənd tam orta məktəbinin yeni məktəb binasının açılışı oldu. Tədbiri rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açaraq son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan danışdı. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Şuvi kənd tam orta məktəbinin direktoru Əbülfət Qüdrətov, ağsaqqal Nurəddin Sadıqov və başqaları çıxışlarında müasir arxitekturaya uyğun tikilmiş, təlim və tədris üçün hər cür şəraiti olan belə gözəl tədris ocaqlarını yetişməkdə olan gənc nəslə hədiyyə etdiyinə görə ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, dərin hörmət və ehtiramlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab verəcək, daha bilikli, savadlı, vətənə və xalqa layiqli vətəndaşların yetişdirlməsi üçün bütün imkanlardan maksimum istifadə edəcəklər.

Hər biri 360 şagird yerlik olan Siyaku və Vaqo kənd tam orta məktəbləri üçün inşa edilmiş yeni məktəb binalarının açılışı da eyni qaydada davam etmişdir. Siyaku kənd tam orta məktəbinin direktoru Hikmət Muradov, təqaüdçü müəllim Fərrux Muradov, Vaqo kənd tam orta məktəbinin direktoru Cabir Hüseynov, kənd sakini Abbas Güləliyev onlara bu sevinci bəxş edən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, məktəblilər ulu öndər Heydər Əliyevə və ölkə başçısı İlham Əliyevə həsr olunmuş şeirləri böyük məhəbbətlə söyləmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi, Siyaku və Vaqo kənd tam orta məktəblərinin açılışlarında çıxış edərək kənd sakinlərini salamlamış, yeni məktəb binalarının açılışı münasibətilə onları təbrik etmişdir. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdırmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə davam etdirilir. Ayrı-ayrı yaşayış məntəqələrinə yeni rahat yollar çəkilir, qaz xətləri yenilənir, əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatı davamlı xarakter almışdır.

Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi də daim diqqət mərkəzindədir. Bu gün rayonda istifadəyə verilən 30-cu yeni məktəbin açılışına toplaşmışıq. Təkcə son bir ildə 10 yeni məktəbin açılışı olmuş, hazırda daha 3 məktəbin tikintisi davam etdirilir. Bütün bunlar təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmışdır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev, akademik S.İmamverdiyev və Milli Məclisin deputatı A.Cəfərov yeni məktəb binalarının rəsmi açılışını bildirən lenti kəsmişlər.

Mərasim iştirakçıları yeni məktəb binalarının kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı, kitabxanasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.

Bu gün həm də 180 şagird yerlik Rudəkənar kənd ümumi orta və rayonun ucqar dağlıq ərazisində yerləşən 360 şagird yerlik Hamoşam, 220 şagird yerlik Asxanakəran kənd tam orta məktəbləri üçün tikilmiş yeni binaların açılışı olmuşdur.

16 sentyabr tarixində rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər Təhsil Nazirliyinin əmrinə uyğun olaraq “Mənim Vətənim-doğma yurdum” mövzusuna həsr olunmuşdur. Bununla əlaqədar məktəblilərin hər birinə xususi olaraq hazırlanmış Azərbaycanın və Astara rayonunun son 10 illik inkişafından bəhs edən “Astara” albom-kitabı hədiyyə olunmuşdur.

 

87 88 89 90