«AXA-Mbask» vətəndaşa «atıb»

mbask

Sığorta şirkəti 1800 manatlıq zərəri 400 manat hesablatdırıb, Dəyanət Əliyev isə kömək üçün ölkə başçısına müraciət edib 

XALQ.AZ xəbər verir ki, Bakı şəhər sakini Dəyanət Əliyevlə «AXA-Mbask» sığorta şirkəti arasında problem yaşanır. JAM.AZ-a müraciət edən vətəndaş bildirir ki, mayın 29-da Biləsuvar rayonu ərazisində dolu yağması nəticəsində avtomobilinə 1800 manat məbləğində zərər dəyib.

Onun sözlərinə görə, idarə etdiyi «Pejo Pars» markalı avtomobilinin üzəri düşən doludan dolayı əzilib və üzünün rəngi yararsız hala düşüb. Bununla əlaqədar o, avtomobilini sığorta etdirdiyi «AXA Mbask» şirkətinə müraciət edib və şirkətin nümayəndələri hadisə yerinə gələrək, həqiqətən də maşina zərər dəydiyini müəyyənləşdiriblər. Həmçinin zərərlə bağlı akt tərtib edərək, onu sığorta şirkətinin mərkəzi ofisində göndəriblər.

Lakin sığorta şirkəti vətəndaşa dəymiş zərəri ödəməkdən imtina edib. Belə ki, Dəyanət Əliyevə məxsus maşını «AXA Mbask» şirkətinin rəsmiləri özlərinə yaxın olan servislərdən birinə göndəriblər. Həmin servisdə dəymiş zərəri 400 manat göstəriblər. Vətəndaşla şirkət arasında bağlanılmış müqaviləyə əsasən 500 manata qədər dəyən maddi ziyan «AXA Mbask» tərəfindən ödənilmir. Və şirkət də bunu əsas tutaraq, zərərin 400 manat olduğunu əsas gətirməklə pulu ödəməkdən imtina edir.

Dəyanət Əliyev qeyd edir ki, onun maşınına dəymiş zərərin məbləği 1800 manatdır. Və bu rəqəmi də ayrı servislərdən birində dəqiqləşdirib. Hətta həmin servis zərərlə bağlı yazılı şəkildə qiymət də çıxarıb. Ki, bunu sığorta şirkətinə təqdim etsinlər. Belə ki, maşının rəngi tamamilə dəyişilməli və dolu nəticəsində əzilmiş yerlər düzəldilməlidir.

Hal hazırda maşınına dəymiş zərəri ödəməkdən imtina edən «AXA Mbask» sığorta şirkəti ilə bağlı Dəyanət Əliyev dövlət başçısı və müvafiq dövlət qurumlarına müraciət edib. O, maddi imkanı zəif olduğunu və bu səbəbdən də sözügedən şirkətin dəymiş zərəri ödəməsinə ölkə rəhbərliyinin təsir etməsini xahiş edir.