Azərbaycan nümayəndə heyəti Cenevrədə

1

Mayın 28-dən iyunun 12-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçiriləcək.

Tədbirdə Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

Nümayəndə heyətinə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov başçılıq edəcək.

İyunun 4-də sessiya çərçivəsində keçiriləcək plenar iclasda S.Müslümovun çıxış edəcəyi nəzərdə tutulur. Bundan başqa, S.Müslümovun tədbir çərçivəsində BƏT-in baş direktoru və digər rəhbər şəxsləri, habelə sessiyada iştirak edəcək bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır.

Sessiyanın gündəliyinə BƏT-in baş direktorunun və İnzibati Şuranın sədrinin məruzələri, həmçinin qurumun konvensiya və tövsiyələrinin icra vəziyyəti, İcbari əmək haqqında 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər daxildir.