Azərbaycanda alman dilində portal yaradılacaq

media

Almaniya cəmiyyətini Azərbaycan reallıqları barədə məlumatlandırmaq üçün alman dilində yeni portal yaradılacaq.

XALQ.AZ-ın məlumatına görə, bu məqsədlə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzaladı. Şura sədri Azay Quliyevin fikrincə, məqsəd Almaniyada Azərbaycan haqqında düzgün olmayan və ziddiyyətli məlumatların qarşısını almaqdır.

Azay Quliyevin sözlərinə görə, Almaniya cəmiyyətinə Azərbaycan reallıqları, mədəniyyəti, adət-ənələri və tarixi barədə düzgün məlumatlar vermək üçün bu cür portalın yaradılması mühüm əhəmiyyət kəsb edir.

Almaniya-Azərbaycan Forumunun rəhbəri Hans-Eberhard Şlayer ölkəsində Azərbaycanla bağlı reallıqlara dərin tələbat olduğunu etiraf etdi.

Hans-Eberhard Şlayer deyir ki, biz Almaniya cəmiyyətini Azərbaycan reallıqları, onun mədəniyyəti, adət-ənənələri haqqında, iki ölkə arasındakı münasibətlər və bu ölkənin gözəlliyi barəsində məlumatlandırmalıyıq.

Şuranın xarici QHT-lər ilə bağlı həyata keçirdiyi siyasətin əsas məqsədi xarici ölkələrdə onların öz dillərində Azərbaycan haqqında informasiya resurslarının sayını artırmaq olacaq.