Bakıda Beynəlxalq simpozium işə başladı

Baki-1

Bakıda “Kütləvi informasiya vasitələri və mədəniyyət cəmiyyətdəki dəyişikliklər şəraitində” mövzusunda Beynəlxalq simpozium işə başlayıb.

XALQ.AZ-ın məlumatına görə, avqustun 6-da “Hyatt Recensy” otelində “Kütləvi informasiya vasitələri və mədəniyyət cəmiyyətdəki dəyişikliklər şəraitində” mövzusunda Beynəlxalq simpozium işə başlayıb.

Simpozium Azərbaycan Yazıçılar Birliyinin 80, jurnalist Raşbil Zaxaryayevin 75 və Azərbaycan Jurnalistlər Birliyinin 55 illiyinə həsr olunub.

Tədbirin təşkilatçısı “STMEGİ” Beynəlxalq Fondudur.

“STMEGİ” Beynəlxalq Fondunun prezidenti, fəlsəfə elmləri namizədi German Zaxaryayev təbrik nitqi ilə simpozium iştirakçılarına müraciət edib.

Simpoziumu Azərbaycanın Xalq Yazıçısı, PEN-klubun sədri Çingiz Abdullayev açıb. O, “Müasir kütləvi informasiya alt-üst edilmiş reallıq” mövzusunda məruzəsində ictimai rəyin formalaşmasında, bu və ya digər siyasi vəziyyətin işıqlandırılmasında mətbuatın vacib rolunu vurğulayıb.

Sonra məruzələr dinlənilib. “İskusstvo kino” jurnalının baş redaktoru, RF Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının mədəniyyət komissiyasının sədri Daniil Dondurey “Televiziya müasir mədəniyyəti formalaşdırmaq vasitəsi kimi” mövzusunda məruzə ilə çıxış edib.

Almaniyalı politoloq Leo Vakker, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov, İsrailin Ariel Universitetinin professoru Reuven Enox, Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov, silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundov (Kanada), JCRC kanalının (ABŞ) rusdilli proqramlarının rəhbəri Mixail Nemirovski və başqaları mövzuya dair məruzələrlə çıxış ediblər.

Avqustun 7-də simpoziumun proqramı çərçivəsində Qırmızı Qəsəbədə sərginin açılışı olacaq.