Biləsuvar rayonunun daha bir kəndinə təbii qaz verilmişdir

8

 

Biləsuvar rayonunda əhalinin təbii qazla təmin edilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Rayonda yeni qaz təsərrüfatı birpilləli sistem üzrə qurulmuşdur. Bu da mavi yanacağın orta təzyiqini sabit saxlamağa imkan verir.
AzərTAc xəbər verir ki, indiyədək rayonun 26 kənd və qəsəbəsinin 16-sı mavi yanacaqla təmin olunmuşdur. Qazlaşdırılan yaşayış məntəqələri sırasına artıq rayonun İsmətli kəndi də əlavə olunmuşdur.
Kəndə təbii qazın verilməsi mərasimində rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması ilə bağlı ətraflı məlumat verilmişdir. Regionların inkişafına yönələn dövlət siyasətinin real nəticələri konkret faktlarla diqqətə çatdırılmışdır. Qısa müddət ərzində İsmətli kəndinə qaz çəkilməsi bu siyasətin bariz nümunəsi kimi dəyərləndirilmişdir.
Qeyd olunmuşdur ki, rayonda 116 kilometrdən çox müxtəlif diametrli orta və aşağı təzyiqli qaz xətləri çəkilmiş, abonentlər üçün məişət sayğacı quraşdırılmışdır. İlin sonuna kimi daha altı yaşayış məntəqəsi mavi yanacaqla təmin olunacaqdır.