Bu məsələlərin qarşısı alınmalıdır

 

siyavush

XALQ.AZ-ın məlumatına görə, iclasda ilk olaraq Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi məsələsi müzakirə olunub.

İlk çıxış edən millət vəkili Siyavuş Novruzov Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsinə münasibət bildirib.

Sözügedən məsələnin Azərbaycan ictimaiyyətini narahat etdiyini qeyd edən S.Novruzov deyib ki, ÜAK-ın Rusiyanin Ədliyyə Nazirliyinin müraciəti əsasında ləğv edilməsi Azərbaycan-Rusiya arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır:

“Rusiyada bəzi qüvvələr öz dövlət maraqlarını üstün tutaraq Azərbaycan-Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Bu məsələlərin qarşısı alınmalıdır. Azərbaycanda Rusiya ilə bağlı məktəb, bağçalar var. Bu addım ümumi münasibətlərin pisləşməsinə xidmət edən addımdır”.

S.Novruzov qeyd edib ki Azərbaycan hər zaman Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, başqa siyasətə qoşulmur, tərəfsiz siyasət həyata keçirir:

“Lakin Rusiyadan bunun qarşılığını görmürük. Hesab edirəm ki, Azərbaycan Parlamenti, eləcə də dostluq qrupu Rusiyaya ciddi müraciət etməlidir”.

Çıxışı zamanı aidiyyatı strukturlara müraciət edən S.Novruzov vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-ləri qanunvericilik və fəaliyyət baxımından Azərbaycan qanunlarına uyğun şəkildə hesabat təqdim etməlidir:

“Çünki bu ciddi və ictimaiyyəti narahat edən məsələdir. Partiyalararası və dövlətlərarası əlaqələr ölkələr arasında münasibətlərin korlanmasına xidmət edən addıma yol verməməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri münasibət bildirməlidir ki, iki ölkə arasında münasibətlər korlanmasın”.

Milli Məclisin deputatı Arif Rəhimzadə isə qeyd edib ki, həqiqətən də Rusiyanın bu addımı cəmiyyətdə çox xoşagəlməz reaksiya yaradıb:

“Ümumrusiya Azərbaycanlılar Konqresi ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə yaradılıb. Azərbaycan ilə Rusiya arasında çox yaxşı münasibətlər var. Biz bunu hər yerdə danışırıq. Ancaq bunun qarşılığını görmürük. Nə üçün Rusiya Xocalı soyqırımı ilə bağlı heç bir tədbir görmək istəmir? Nəyə görə Azərbaycan qanunlarını pozan Lapşin haqqında danışır, ancaq öz dədə-baba yurdlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda girovluqda saxlanılmasına səsini çıxartmır? Qarşılıqlı hörmət münasibətləri ikitərəfli olmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya Prezidenti Vladimir Putinə müraciət etməlidir ki, bu cür hallara son qoyulsun. Bu cür addımlar Azərbaycanla Rusiya arasında olan münasibətlərə xələl gətirir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir:

“Rusiya tərəfsiz olmalıdır. Ancaq biz Rusiyanın tərəfsizliyini görmürük. Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb”.

Hazırda iclas çıxışlarla davam edir.