Deputatlar yarışacaqlar

Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandalararası beynəlxalq futbol turnirinin iştirakçıları martın 9-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar,daha sonra  görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən turnir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən turnir iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov jurnalistlərə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Sərəncamına əsasən müxtəlif istiqamətdə tədbirlər keçirilir.

 

Bu tədbirlərdən biri də parlament komandalararası beynəlxalq futbol turniridir. Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Polşa, Ukrayna, Latviyadan 80-dən çox deputat iştirak edir.

Fuad Muradov bunun indiyədək keçirilən ən böyük beynəlxalq turnir olduğunu və ilk dəfə ölkəmizdə təşkil edildiyini deyib. Yarışlar üç gün davam edəcək.