İzzət kino çəkir

05
Müğənni İzzət Bağırov yeni film çəkməyə hazırlaşır.

Bu haqda məlumatı Axşam.az saytına sənətçi özü verib. O, oktyabrın sonunda çəkilişləri başlanacaq ekran işində yalnız aktyorlara müraciət edəcəyini bildirib:

“Müğənnilərdən heç kimi filmdə çəkməyəcəm. İlk ekran işində Natavan Həbibi çəkildi. Bu dəfə də ona müraciət etmək istəyirdim. Amma düşündüm ki, həmin filmin təkrarı olacaq. Aktyor Anar Heybətov ekran işində rol alacaq. Bir də hər zaman arzum olub ki, xalq artisti Nurəddin Mehdixanlı ilə işbirliyim olsun. O insana qarşı böyük hörmətim var. Filmdə atam obrazını canlandıracaq”.

İzzət yeni filmində türkiyəli aktyorlara müraciət etmək istədiyini də bildirib:

“Bir neçə türk aktyoru ilə çalışmaq istəyirdim. Hətta onları Bakıya gətirməyi də düşünürdüm. Hazırda həmin aktyorlar ən məşhur seriallarda çəkilirlər. Bakıya gəlməyə vaxtları yoxdur. Bu planımı təxirə salmalı oldum. Filmin ssenarisi özümə aiddir. Real həyatdan götürülüb. Bir az dramatik janrdadır”.

Sənətçi yeni filmini gələn il təqdim edəcək.

Qeyd edək ki, bu, İzzətin lentə aldığı ilk ekran işi olmayacaq. Bundan əvvəl o, “Ayrılıq imiş” adlı film çəkmişdi.