Putin, Nazarbayev Lukaşenko və Saakaşvili İlham Əliyevi təbrik etdilər

04

 

Oktyabrın 10-da Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Qazaxıstan Prezidenti dövlətimizin başçısını prezident seçkilərində qazandığı böyük qələbə münasibətilə təbrik etmiş, ölkəmizin gələcək inkişafı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

 


Oktyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısını prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik etmiş, xalqımızın rifahı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin bütün sahələrdə dinamik inkişafından məmnun olduqlarını bildirmiş, əlaqələrimizin gələcək illərdə daim möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər.

 


Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Səsvermənin gedişində seçicilərin göstərdiyi dəstək Sizin xalqınızın seçdiyi kursun varisliyini təmin etməklə öz ölkənizdə haqlı olaraq qazandığınız yüksək nüfuzu növbəti dəfə təsdiqlədi. Ölkənizin sanballı iqtisadi tərəqqisi və vətəndaşların maddi rifahının yüksəlməsi, dünya arenasında rolunun möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır.
Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz Azərbaycanın daha da firavanlaşmasına və qarşılıqlı faydalı Belarus-Azərbaycan strateji tərəfdaşlığının inkişafına şərait yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə, səylərinizdə uğurlar diləyirəm.
Hörmətlə,

Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti

 


Oktyabrın 10-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Mixeil Saakaşvili Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona Ali dövlətçilik fəaliyyətində uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.